Bakı Dövlət Universitetində rektor dəyişikliyi ilə bağlı yayılan məlumatlar Elçin Babayevin rəhbərlik etdiyi dövrə dair bir sıra sualları yenidən gündəmə gətirib.
Uzun müddət Ramiz Mehdiyevin yaxın çevrəsinə aid olduğu iddia edilən Babayevin BDU-dakı fəaliyyəti, universitetin idarəçilik modeli və mümkün maliyyə maraqları bundan sonra daha ciddi diqqət tələb edir.
Elçin Babayevin deputat Şahin İsmayılovla yaxın qohumluq əlaqələrinin olduğu da iddia edilir. Bu münasibətlərin universitetin idarəçiliyində və mümkün biznes əlaqələrində hər hansı rol oynayıb-oynamadığı isə aydınlaşdırılmalıdır.
Daha ciddi iddialardan biri Şahin İsmayılovla əlaqələndirilən milyonluq kofeteriya biznesinin maliyyə mənbələri ilə bağlıdır.
Səsləndirilən iddialara görə, bu biznesin formalaşmasında BDU-nun maliyyə və resurslarından əldə edilmiş vəsaitlərin rol oynadığı ehtimal olunur. Bu iddianın təsdiqi üçün maliyyə sənədləri, audit materialları və digər sübutlar ortaya qoyulmalıdır.
BDU ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biridir. Universitetin maliyyə resursları, satınalmaları, təsərrüfat fəaliyyəti və mümkün maraqlar toqquşmaları ilə bağlı suallar cavabsız qalmamalıdır.
Elçin Babayevin vəzifədən ayrılması ilə universitetdə yeni mərhələnin başlanacağı gözlənilir. Bu mərhələnin əsas göstəricisi yalnız yeni rəhbər deyil, həm də əvvəlki idarəçilik dövründə səsləndirilən iddialara aydınlıq gətirilməsi olmalıdır.
BDU-da həqiqətən nələr baş verib? Universitetin resurslarından kənar biznes maraqları üçün istifadə olunubmu? Bu sualların cavabı rəsmi araşdırma və faktlarla ortaya qoyulmalıdır./söz6
7NEWS.az
























