Əməliyyat edilməli olan şəhid övladı yardım istəyir

OXUNUB: 503 GÜNDƏM

Şəhid övladı, birinci qrup əlil Səfər Quliyev serebral iflic xəstəsidir. Onun dediyinə görə, mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində ayaqlarında tonus yaranır və ona əziyyət verir, tez-tez ayağı tutulduğdan gəzə bilmir, buna görə də əməliyyat olunmalıdır, amma maddi imkanı yoxdur.


S.Quliyev bununla bağlı "Enes” klinikasına müraciət etdiyini, orada Günel Heydərovanın onu qəbul etdiyini və Türkiyədən gəlmiş professor, travmatoloq ortoped Muharrem İnama yönəltdiyini bildirir.
S.Quliyevin sözlərinə görə, həkim ona əzələ tonusunu aşağı salmaq üçün qiyməti 1200-1300 manat olan iynə vurulmalı olduğunu deyib.
"Mən də bir şəhid övladı kimi xalqıma müraciət etdim, bir-bir yazıb hamıdan yardım istədim və iş adamı olan bir türkiyəli qardaş mənə kömək etdi, həmin türkiyəli həkim də o iynəni vurdu”.


S.Quliyev həkimin ona 3 aydan sonra əməliyyat edilməli olduğunu, ancaq lazım olan 15.000 Türkiyə lirəsini toplaya bilmədiyini deyir.
O, şəraitsiz mənzildə yaşadığını, 1993-cü ildən bəri binanın təmir olunmadığını qeyd edir:
"Təsəvvür edin ki, XXI əsrdə vedrədə su qızdırırsan və hamamda köhnə üsulla - dolçayla isti-soyuq edib çimirsən. Belə şəraitdə mən 7 yaşlı oğlumu böyüdürəm. AzTV-də həmişə inkişaf etmiş Azərbaycanı göstərirlər, şəhid ailələrinə yardım edildiyini deyirlər, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gündə bir sərəncam imzalanır, amma nədənsə o sərəmcamların icrası bizə gəlib çatmır”.


S.Quliyev deyir ki, əməliyyat problemiylə bağlı Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyeva və prezident İlham Əliyevə məktub yazsa da, cavab almadıyıb.
O, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etdiyini, ancaq bircə dəfə nazir müavini Anar Kərimovun sayəsində nazirliyin Mərdəkanda yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinə göndərildiyini söyləyir.


15 gün orada qalan Səfər Quliyev Mərkəzdə rüşvətin baş alıb getdiyini və pul verilməyəndə laqeyd yanaşıldığını iddia edir: "Hər yerdə 1-2 manat pul verməlisən. Verməyəndə deyirlər ki, biz az maaş alırıq və buna məcburuq”.
Müsahibimiz pandemiya təzə başlayanda Suraxanı rayon İcra Hakimiyyətinə yardım üçün müraciət edib və dediyinə görə, ona kartof, soğan, iylənmiş toyuq, makaron verilib və ondan sonra başqa kömək görməyib.


S.Quliyev 2 ildən çoxdur ki, İcra Hakimiyyətinə gedib-gəldiyini, ancaq 6-7 saat gözləməsinə rəğmən, qəbul edilmədiyini, hətta onu ordan qovmağa çalışdıqlarını bidlirir.
Deyilənlərə bağlı "Toplum TV” Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Xanoğlan Allahverdiyevlə əlaqə saxlayıb. O, məsələ ilə maraqlanacağını qeyd edib.
S.Quliyevin sözlərinə görə, bundan sonra həqiqətən də ailəyə baş çəkilib və deyilib ki, bazar ertəsi başçının qəbuluna çağırılacaq. Ancaq hələ ki onunla əlaqə saxlayan olmayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov da "Toplum TV”-yə məsələnin araşdırılacağını bilidirib. Səfər Quliyev söyləyir ki, sonradan nazirlik əməkdaşı onunla əlaqə saxlayıb vəziyyəti öyrənsə də, dəyişən bir şey yoxdur.

RƏYLƏR