Ermənistanın Azərbaycana sarsıdıcı zərbə planları baş tutmayacaq, çünki hazırda cəbhə xəttində üstünlük tamamilə Azərbaycan ordusunun tərəfindədir.
İcmal.Az-ın məlumatına görə, bu barədə Milli.Az-a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri fonunda cəbhədə baş verən hadisələri şərh edən "Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib.
Onun sözlərinə görə, ermənilərin son zamanlar cəbhədəki gərginliyi artırmasının əsas səbəbi odur ki, Ermənistanda sosial-iqtisadi vəziyyət həddindən artıq pisləşib, kənd təsərrüfatı sahəsində tənəzzül var, kəndçilər hətta məhsullarını bazara çıxara bilmirlər:
"Nəqliyyat sektorunda gerilik var, ölkəyə giriş-çıxış minimuma enib. Qısası, Ermənistanda iqtisadi böhran var və ölkədə ab-hava üsyana yaxın durumdadır. Ermənistan rəhbərliyi - Dağlıq Qarabağın erməni klanı isə bunun əvəzində cəbhədə vəziyyəti yenidən gərginləşdirmək və müəyyən uğurlar əldə etməklə öz yerini möhkəmləndirmək istəyir. Lakin onların arxayın olduqları amerikan teplovizorları və Rusiyadan aldıqları silahlar cəbhədə üstünlük əldə etmək üçün yetərli olmayıb. Bunu ermənilərin son günlər verdikləri itkilərin sayından da bilmək olar. Son olaraq isə Azərbaycan Ordusu kəşfiyyat-təxribat qrupunun bir diversantını ələ keçirib”.
Ekspertin fikrincə, bu gərginləşmənin ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri fonunda baş verməsi də təsadüfi deyil: "Ermənistanın məqsədi odur ki, qoşunların təmas xəttində kəşfiyyat sistemləri yerləşdirilsin və guya atışmalar olan zaman təqsirkar müəyyən edilsin. Əslində isə Ermənistan bununla mövcud status-kvonu saxlamaq niyyətindədir. Ermənilər təmas xəttinin rəsmi xəttə çevrilməsini və həmsədrlər tərəfindən nəzarətə götürülməsini istəyirlər. Əlbəttə ki, bu, Azərbaycan üçün qəbuledilməzdir. Hesab edirəm ki, vasitəçilərin son səfəri zamanı apardıqları danışıqların nəticələri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına əsaslanacaq. Əsas istiqamət Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılması məsələsi olacaq”.
E.Ələsgərov hesab edir ki, Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir: "Ermənistan ordusu dəfələrlə kəşfiyyat əməliyyatları həyata keçirib. Çünki onların ağzında hələ 22-24 il əvvəlki müharibənin dadı qalıb. Ermənilər istəyir ki, qəfil hücumla Azərbaycana sarsıdıcı zərbə vursunlar. Lakin indi vəziyyət çox dəyişib. Onlar kəşfiyyat aparsalar da, bizim ordumuz da müasir texnologiyaların köməyi ilə oradakı vəziyyətə nəzarət edir.
Əgər onlar hansısa qruplaşmanı təmas xəttində önə çəkərlərsə, anında da raket-artilleriya qüvvələri tərəfindən darmadağın ediləcəklər. Yəni indiki vəziyyətdə cəbhə bölgəsində təşəbbüs Azərbaycan ordusunun tərəfindədir və Ermənistan ordusunun bu məngənədən çıxış yolu yoxdur. Ermənilərin əhalini Talış kəndinə qaytarmaq planı da artıq iflasa uğrayıb.
Ermənilər özləri məlumat yayıb ki, Talışdan 2 minə yaxın erməni Ermənistana köçüb. Yəni Ermənistan artıq bu köçün də qarşısını ala bilmir. Belə vəziyyətdə onlar hərbi təxribatlara əl atırlar. Onlar Rusiya ilə hərbi ittifaqın kölgəsi altında Azərbaycana qarşı zərbə tədbirləri planlaşdırırlar. Lakin diversantın ələ keçməsi göstərir ki, onların bu planları da iflasa uğrayır. Hazırda vəziyyət bir neçə il bundan əvvəlkindən tam fərqlidir və təşəbbüs ordumuzun tərəfindədir. Ötən ilin aprel döyüşləri, daha sonra "OSA"-nın və bir sıra döyüş texnikalarının vurulması, nəhayət, ermənilərin çoxlu itki verməsi və bir nəfərin də əsir götürülməsi buna əyani sübutdur”.
Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribat cəhdləri nəticəsində 6 hərbçilərini itirsələr də, yolundan dönmürlər. İyunun 20-də axşam saatlarında isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstəriblər. Lakin Azərbaycan Ordusunun bölmələri kəşfiyyat qrupunu aşkar edib, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hərbçilərimizin çevikliyi nəticəsində hətta təxribat qrupunun Zaver Hovanis Karapetyan adlı bir üzvü də ələ keçirilib.
İcmal.Az