Azərbaycan Respublikasının Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi "Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində ilk layihəyə - "Biznesini Yarat Marafonu”na start verilib.
Layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə, o cümlədən özünüməşğulluq proqramı vasitəsilə dəstək olmaqdır.
Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.genc.az) və ya GencApp mobil tətbiqində yerləşdirməlidir. Bu ideyalar "Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirildikdən sonra biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb ediləcək.
Təlimi uğurla başa vuran gənclər ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun "İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.
İcmal.Az