Gənclər evlərində təlimçilər klubu yaradılır

OXUNUB: 1096 QHT

Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” layihəsinin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, pilot layihənin Gəncə, Mingəçevir, Quba və Sabirabadda yerləşən gənclər evlərini əhatə etməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən gənclər evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviqi, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdir. Hazırda həmin regionlarda təlimçi olmaq istəyən gənclər qrupları üçün intensiv təlim proqramı həyata keçirilir. Proqram çərçivəsində iştirakçılara qeyri-formal təhsil metodologiyası, təlim və seminarların təşkili, debatların keçirilməsi və s. mövzular tədris edilir. Təlimlərlə yanaşı, gənclər üçün praktik məşğələlər də təşkil olunur.

Növbəti mərhələdə təlim keçmiş gənclərin iştirakı ilə gənclər evlərində təlimçilər klubu qurulacaq və onlar üçün zəruri şərait yaradılacaq. Daha sonra yaradılmış təlimçilər otağı müəyyən olunmuş cədvələ əsasən, gənclər üçün müxtəlif mövzularda təlim xidmətlərini həyata keçirəcək.

Gənclər evində təlimçilər klubunun əvvəlcədən təyin olunmuş vaxtlarda "Açıq qapı günləri” də təşkil ediləcək ki, digər gənclərin də qeyri-formal təhsil proqramları haqqında məlumatlanması üçün tövsiyələr verilsin.

Layihənin sonunda təlimçilər klublarının şəbəkələşməsinə, onların məlumat və təcrübə mübadiləsinə şərait yaradılacaq. Eyni zamanda, müxtəlif təlim modullarının birgə hazırlanması, gələcək iş strategiyalarının müzakirə edilməsi üçün dəstək veriləcək.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə region gəncləri üçün qeyri-formal təhsil proqramlarının təşkilinin və bu işin mütəmadi davam etdirilməsinin zəruriliyini bildirib: "Bu gün gənclərin bir qrupunun ictimai fəallığının zəif olması, məşğulluq probleminin yaranması, onların karyera quruculuğunda düzgün istiqamət və məsləhət ala bilməmələri, insanlarla düzgün ünsiyyət qurmaq, kollektivdə işləmək bacarıqlarının olmamaları və s. problemlərinin yaranması onların qeyri-formal təhsil proqramlarında iştirak etməməsi ilə bağlıdır. Çünki bu baxımdan təlim və seminarların, habelə digər qeyri-formal təhsil tədbirlərinin çox böyük rolu var. Ümid edirik ki, gənclər evlərində yaradacağımız təlimçilər klubları bu istiqamətdə əsaslı işlər görə biləcək”.

RƏYLƏR