İbrahim Rüstəmli: “Qarabağdan olan əsgər və zabitlər İrəvana aparılır”

OXUNUB: 1025 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. İrəvanın mərkəzində davam edən etiraz aksiyaları işğal altında olan Dağlıq Qarabağa da sıçraya, hərbi əməliyyatlar başlaya bilərmi?
 
Bununla bağlı fikirlərini BNEWS.az-la bölüşən hərbi məsələlər üzrə ekspert İbrahim Rüstəmli bildirib ki, Ermənistanda baş verən kütləvi etiraz dalğasının Dağlıq Qarabağa sızması ehtimalı kifayət qədər böyükdür: "Bu gün İrəvan ermənilərilə Qarabağ erməniləri arasında çox ciddi nüfuz davası gedir və bu qarşıdurma ilk növbədə birincilərin ikincilərə yuxarıdan aşağı baxması kimi xarakterizə olunur. Başqa sözlə desək, İrəvan erməniləri Qarabağ ermənilərini heç vaxt tam hüquqlu vətəndaş kimi qəbul etməyib və onların İrəvana gəlişini müsbət tendensiya kimi dəyərləndirməyiblər. Ermənistanda baş verən iğtişaşlar bunun ən bariz nümunəsi, iqtidar komandasında hökm sürən ikitirəliyin pik həddidir. O üzdən, xəbər verildiyi kimi, dünəndən işğal edilmiş torğaqlarımızdakı, xüsusilə, əslən Qarabağdan olan əsgər və zabitlər İrəvana aparılır. Bu, heç şübhəzi, ilk növbədə Serj Sarkisyan komandasında yaşanan ciddi qalmaqallardan xəbər verir. Yerli ermənilərin "Qarabağ klanı”nda təmsil olunmaq istəməməsi, həmçinin etirazçılarla həmrəylik sərgiləməsi hökuməti qorxuya salıb. O səbəbdən Qarabağda yerləşdirilən və Sarkisyan hökumətinin ən sadiq əsgərləri hesab edilən Xankəndi alayı da başkəndə aparılıb”, - deyə ekspert qeyd edib.

İbrahim Rüstəmlinin sözlərinə görə, etirazçıların öz qərarlarında israrlı olması isə vəziyyəti daha da kəskinləşdirir: "Belə olacağı təqdirdə, hakimiyyəti əldən vermək istəməyən Sarkisyan və onun silahlı tərəfdarlarının etirazçılara qarşı ən ciddi tədbirlər görməsi, o cümlədən silah tətbiq etməsi istisna olunmur. Bu da 2008-ci ilin 1 mart tarixində baş vermiş qanlı hadisələrin yenidən təkrarlanmasına gətirib çıxara bilər. Qaldı hərbi əməliyyatların başlaması ehtimalına, bu ehtimal atəşkəsdən üzü bu yana həmişə aktiv fazada olub. Lokal əməliyyatların davamlı şəkildə cərəyanı, Aprel hadisələri və ilk növbədə Ermənilərin təmas xəttində atəşkəs rejimini daim pozması və bu məqsədlə mütəmadi olaraq təxribatlar törətməsi bu ehtimalın hər gün daha da artmasına zəmin yaradır. Bununla belə, genişmiqyaslı hərbi əməliyyatlar yalnız siyasi qərarlardan sonra mümkündür. Bu isə ilk növbədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının səlahiyyətinə aid olan məsələdir”, - deyə o, bildirib.
 
İcmal.Az

RƏYLƏR