Suriyada qanunsuz silahlı birləşmələrdə təqsirləndirilən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.
İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Afiq Qəhrəmanovun vəkili vəsatətlə çıxış edib. O, vəsatətində qeyd edib ki, A.Qəhrəmanov 4 il bundan əvvəl Suriyaya gedib və İŞİD-ə qoşulub:
"Müdafiə etdiyim şəxs daha sonra Azərbaycana qayıtmaq istəyib, lakin onu buraxmayıblar. A.Qəhrəmanov ailəsini gətirmək adı ilə onları aldadıb və Azərbaycana qayıdıb. Daha sonra isə həbs edilib. Ona görə onun barəsində həbs qətimkan tədbirin dəyişdirilməsini istəyirik".
Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə baxışa verilib və proses iyunun 19-a təyin edilib. Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər. Hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüblər. Onlar Azərbaycana qayıdarkən həbs ediliblər Həmin şəxslər DTX tərəfindən antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.
İcmal.Az