Kürdüstanda referendum başladı: Türkiyə etiraz edir

OXUNUB: 1082 DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanında keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb.

İcmal.Az-ın məlumatına görə, bu barədə APA "Milliyyət”-ə istinadən xəbər verir.

Bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb. 

Bəyanatda deyilir ki, İraq Kürdüstanında bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: "Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq.

Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirməkdə israr edən və təkcə İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq.  

Bütün beynəlxalq ictimaiyyətin, xüsusilə də region ölkələrinin referenduma ardıcıl yanaşması davam etdirilməlidir. Bu qeyri-qanuni cəhdin nəticələrinin qarşısını almaq vacibdir. Məsud Bərzaninin qısamüddətli siyasi maraqların arxasınca qaçmaq yerinə, bütün İraq xalqının uzunmüddətli dincliyini və rifahını təmin edən siyasət yürütməsi lazımdır. Bir daha vurğulayırıq ki, referendumla bağlı milli təhlükəsizliyimizə yönələcək hər cür təhlükəyə qarşı bütün tədbirləri görəcəyik”.

Qeyd edək ki, İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.  ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək, alternativ təklif irəli sürərək, referendumu təxirə salmağa çağırıblar.

M. Bərzani isə geri addım atmayacaqlarını deyib. O bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar: "Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik”.

M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərlə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: "Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.  

M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.

 

İcmal.Az

RƏYLƏR