Metronun pulları hara gedir? - ARAŞDIRMA

OXUNUB: 464 GÜNDƏM Seçilmiş Önəmli
Vaqon pəncərələrindən gələn aylıq reklam gəliri nə qədərdir?

"Kommersant" xəbər verir ki, "Bakı Metropoliteni"nə məxsus qatarlarda 5 vaqon var və hər vaqonda 6 reklam yeri (6 pəncərə) mövcuddur. Hər vaqonun yerində bir ay müddətində reklamın yerləşdirilməsinin qiyməti 100 manat təşkil edir ki, bu da bir aylıq 1 qatarın 3000 manat xalis gəlir əldə etməsi deməkdir. Hazırda "Bakı Metropoliteni” QSC-də 32 qatarın xətdə olduğunu nəzərə alsaq, sadə hesablama ilə bu qatarlardan aylıq 96 min manat xalis qazanc əldə edildiyini görmüş olarıq. Onu da qeyd edək ki, metroda yerləşdirilən istənilən reklam qiymətinə ƏDV (əlavə dəyər vergisi) və çap qiymətləri daxil deyil.

Metro stansiyalarında zonalar üzrə reklam qiymətləri

Metroda reklamın yerləşdirilməsi də stansiyalara və reklamın yerinə görə (premium və standart yerlər) fərqlənir. Belə ki, 3 zonadan (Zona A, B, və C) ibarət olan yerlərdə eni 5 metr, hündürlüyü isə 2 metr olan reklamın (premium və ya standart) qiyməti 1200 manat, çap və quraşdırılması isə əlavə 200 manat təşkil edir. Zona A-da (yüksək sərnişin axını olan stansiyalarda) 5 fərqli ölçüdə premium reklamın ümumi qiyməti 2310 manat, standart reklamın ümumi qiyməti isə 2235 manat (çap və quraşdırmanın ümumi qiyməti əlavə olaraq 430 manat) təşkil edir. Zona B-də (orta sərnişin axını olan stansiyalarda) 4 fərqli ölçüdə premium reklamın ümumi qiyməti 1875 manat, standart reklamın ümumi qiyməti isə 1815 manat (çap və quraşdırmanın ümumi qiyməti əlavə olaraq 380 manat) təşkil edir. Zona C-də (aşağı sərnişin axını olan stansiyalarda) 4 fərqli ölçüdə premium reklamın ümumi qiyməti 1140 manat, standart reklamın ümumi qiyməti isə 1110 manat (çap və quraşdırmanın ümumi qiyməti əlavə olaraq 380 manat) təşkil edir.

Zona A - da (19 stansiyada) 5 fərqli ölçüdə bir premium reklamın qiyməti ümumi olaraq 43 min 890 manat, standart reklamın 19 stansiyada yerləşdirilməsinin qiyməti isə 42 min 465 manat təşkil edir. Ümumi rəqəm 86 min 355 manatdır.

Zona B - də (3 stansiyada) 4 fərqli ölçüdə bir premium reklamın qiyməti ümumi olaraq 7500 manat, standart reklamın 3 stansiyada yerləşdirilməsinin qiyməti isə 5445 manat təşkil edir.

Zona C - də (2 stansiyada) 4 fərqli ölçüdə bir premium reklamın qiyməti ümumi olaraq 2280 manat, standart reklamın 2 stansiyada yerləşdirilməsinin qiyməti isə 2220 manat təşkil edir. 3 zonada (24 stansiyada) premium və standart bir ədəd reklamın bir aylıq qiyməti 103 min 800 manat edir.

Metropoliten monitorlardan da "yun qırxır"

Monitorlarda "Platinum paket 30” paketində 07:00 – 0:00 saatlarında bir reklamın ən azı 174 dəfə göstərilməsinin qiyməti 4000 manat təşkil edir. Ümumi olaraq 9 reklam paketinin toplam yayım qiyməti 26 min 260 manatdır.

Metro platformalarındakı qazanc dirəkləri... nə qədər qazandırır?

Sütunlu stansiyaların hər birində 32 sütun var. Bir stansiyanın bütün sütunlarında reklamın yerləşdirilməsi 6000 manar, 16 sütunda isə 4000 manat təşkil edir.

"Bakı Metropoliteni” QSC-də 13 sütunlu stansiyanın olduğunu nəzərə alsaq, reklamın bir aylıq ümumi qiyməti 78 min manat edir.

Proyektorlardan pul tutmaqlıq

Hər stansiyada 10 proyektor var. Bunların hər birində bir ədəd reklamın aylıq qiyməti 1000 manatdır. Bu isə bir stansiyanın ay ərzində bir reklamdan ən azı 10 min manat qazanc əldə etməsi deməkdir. Müvafiq say və rəqəmlərlə hesablamda 25 stansiyanın bir reklamdan ayda 250 min manat qazanc əldə etdiyi ortaya çıxır.

Bu qazancla metro nələr edə bilərdi?...

"Bakı Metropoliteni” bir reklamdan bütün stansiyalarda 529 min 800 manat əldə edir. Bundan başqa rəsmi məlumata görə, günlük auditoriyası 590 min nəfər olan Metropoliten, istifadəçilərindən günlük 118 min manat, aylıq isə 3 milyon 540 min manat yığa bilir. Ən aşağı hesablarla götürsək (metroda yayımlanan sadəcə bir reklamı nəzərə alsaq) "Bakı Metropoliteni” QSC ay ərzində 4 milyon 69 min manat qazanc əldə edir. Bu rəqəm il ərzində 48 milyon 828 min manat edir ki, bu da "Bakı Metropoliteni"nə hər il bir ədəd 4-cü nəsil qatar almağa (35 milyon 739 min manat) imkan verir.

Metropolitendə isə nə qədər reklamın yer aldığı barədə yazmırıq, çünki metrodan istifadə edənlərin bu barədə məlumatı var.

Qeyd edək ki, metroda yerləşdirilən reklamlara görə, "Bakı Metropoliteni” QSC (ƏDV) vergi ödəmir, əksinə, reklam yerləşdirilməsi və çapı üçün əlavə pul tələb edir. Bütün məlumatlar "Bakı Metropoliteni” QSC-nin rəsmi saytından əldə edilib.

RƏYLƏR