Ombudsman Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb

OXUNUB: 100 İQTİSADİYYAT GÜRCÜSTAN BANK

Bakı. 1 may. / Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından “Report”a verilən məlumata görə, bəyanatda deyilir ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal edib: "Şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə yerli əhalidən 195 nəfər şəhid olub, 165-dən çox yaralanıb, 68 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal zamanı burada minlərlə eksponatı olan muzeyləri talan edib, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıdıb, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoyub, çox sayda nadir əlyazma nümunələrini məhv edib, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa döndəriblər. 300 kvadrat kilometrədək ərazisi olan Şuşa şəhərində yaşayan 24 900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevriliblər. Bu təcavüzün faciəvi nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı, tanınmış sairə Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyaları dağıdılmış, talan olunmuş, kitabxanalar yandırılıb".

Sənəddə qeyd olunub ki, işğal nəticəsində təkcə canlılara deyil, həm də abidələrə qəsd edən erməni millətçiləri Şuşa əhalisinə, xalqımıza mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər: "Erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, çoxsaylı toponimlərimizi dəyişdirməklə, Şuşa şəhəri ətrafında yerləşən, qədim bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarını pozmaqla daha bir saymazyana münasibət nümayiş etdiriblər. Onlar zəbt olunmuş Azərbaycan ərazilərində məzarları sökür, qəbirüstü abidələri qarət edir, işğal zonasındakı məbədləri talan edirlər. Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycanın unikal mədəni sərvətlərini kütləvi şəkildə məhv etməkdə davam edir. Belə ki, respublikamızın işğal edilmiş ərazilərində 927 kitabxana, dünya və ölkə əhəmiyyətli 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Bir sıra tarix diyarşünaslıq muzeyləri yerlə yeksan olunub, qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar, digər qiymətli eksponatlar Ermənistana daşınıb. Şuşadakı məşhur tarix muzeyinin də taleyi belə olub".

"Azərbaycan Ombudsmanı kimi bəyan edirəm ki, Ermənistan Respublikası tərəfindən ölkəmizin ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarımızın işğalı, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Ədalətin tezliklə bərqərar olması, zəbt olunmuş torpaqların, o cümlədən Şuşanın qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, əsir və girovların azad olunması, cinayətkarların cəzasız qalmaması naminə beynəlxalq təşkilatları haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq", - bəyanatda vurğulanıb.

Bəyanat BMT-nin baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikadakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

RƏYLƏR