- Azərbaycana düşmən mövqedə olan dairələrin əlində alətə çevrilən bəzi şəxslər də hər fürsətdə ATƏT tribunasından istifadə etməyə cəhd edirdi. Onların bu fəaliyyəti kənardan necə görünürdü?
- Diqqətimi çəkən məqam o idi ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovdan başqa Ermənistan da daxil olmaqla, ATƏT-in tədbirində elə bir vətəndaş cəmiyyəti nümayəndəsinə rast gəlmədim ki, ölkəsinə və ölkə başçısına qarşı bu qədər nifrət dolu fikirlər səsləndirsin. Plenar sessiya zamanı təyin edilmiş mövzudan kənar danışıb, xarici dairələrdən qardaşı Mehman Hüseynovun vəkillərinə verilməyən əmək haqqı istəmək artıq bu adamın və ətrafının hansı səviyyədə olmasının bariz nümunəsidir. İndiyədək heç bir ölkənin vətəndaş cəmiyyətinin nümayəndəsi ATƏT-in tədbirinə "sədəqə” dalınca gəldiyini açıq şəkildə etiraf etməmişdi. Ardınca, xarici qüvvələrə özünün sadiqliyini nümayiş etdirmək üçün Emin Hüseynov Azərbaycan iqtidarını, ölkə rəhbərliyi bacardığı qədər tənqid etmək, "hekayələr” uydurmağa başlayırdı. Etiraz hüququmdan istifadə edərək moderatordan mövzudan kənar çıxışları edilməməsini xahiş etdim. Tədbirin moderatoru etirazı qəbul edirdi. Əfsuslar olsun ki, belələri eyni zamanda Azərbaycan vətəndaş cəmiyyətini təmsil etdiklərini, guya azad mətbuat adından danışdıqlarını iddia edirlər. Reallıq isə başqadır. Emin Hüseynov iddia edirdi ki, ölkə başçısı onun vətəndaşlıqdan məhrum edib, amma bunun yalan olduğunu, bu barədə Konstitusiyamızda yazılanları qeyd etdim. Belə ağ yalanları ondan başqa səsləndirən digər vətəndaş cəmiyyəti nümayəndəsinə tədbir zamanı rast gəlmədim.
- ATƏT-in builki İllik Toplantısında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin ifşası üçün hansı addımları atdı?
- Mən bəzi xarici jurnalistlərin işğal olunmuş Qarabağa qanunsuz səfərləri barədə bəyanat yaydım. Qeyd etdim ki, belə bir səfər Azərbaycna tərəfinin razılığı ilə həyata keçirilə bilər. Ermənistan artıq uzun zamandır oradakı separatist rejimə dəstək verərək xarici jurnalistləri aldadır, Qarabağda səfərlərini təşkil edir. Ona görə də təbdirdə iştrak edən ölkələrin nümayəndələrinə bir daha bəyan etdim ki, belə səfərlərə aldanmayıb, yalnız Azərbaycan tərəfi ilə danışıqlar aparsınlar. Təbii ki, Ermənistan tərəf belə çıxışlara etiraz edirdi, amma həmin etiraz cavabsız qalmırdı.
İcmal.Az