Polkovnik Şair Ramaldanov: "Hər an döyüşlər başlaya bilər" - AÇIQLAMA

OXUNUB: 1119 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Son günlər düşmənlə təmas xəttində gərginlik müşahidə edilir. Müdafiə Nazirliyinin bu günə verdiyi məlumata görə isə cəbhənin Cəbrayıl rayonu istiqamətində düşmən ordusu ilə qarşıdurma vəziyyəti yaranıb və düşmən təxribatçıları itki verərək geri çəkiliblər. Rəsmi məlumatda isə 1 erməni hərbçisinin öldüyü, 2 hərbçinin isə yaralandığı qeyd edilir. 

Düşmənlə təmas xəttindəki gərginliyi şərh edən polkovnik Şair Ramaldanov BiG.AZ-a açıqlamasında bu vəziyyətin 25 ildir davam etdiyini, hər an isə döyüşlərin başlaya biləcəyini bildirib.

Polkovnik Şair Ramaldanov:

Şair Ramaldanov qeyd edib ki, 1 gün də olsa müharibə dayanmayıb:

"Sadəcə, bu vəziyyət atəşkəs frazasına çevrilib. Azərbaycan torpaqları işğal altındadır. Biz torpaqlarımızı azad etmək niyyətindəyik. Hər an müharibənin olması və döyüşün başlanması gözləniləndir. Bizim silahlı qüvvələrdə gedən prosselər işğalda olan torpaqların azad edilməsi üçün aparılan hazırlıqdan xəbər verir. Seçki qabağı və sonrası hər an müharibə ola bilər”. 

Şair Ramaldanov vurğulayıb ki, cəbhədə vəziyyət dünən gərginləşməyib:

"Cəbhədə gərginlik bir an olsa da azalmayıb. Əgər cəbhə bölgəsində atəşkəsin pozulması 100-dən yuxarıdırsa, bu, gərginlikdən xəbər verir. Bilirsiniz, Azərbaycan Silahlı Qüvvələrinin işi tutduğu mövqeləri qorumaq, orada olan yaşayış məntəqələrinin və dinc sakinlərin təhlükəsizliyini təmin etməkdir. Erməni tərəfi gün ərzində 100-dən çox atəşkəsi pozur. Azərbaycan tərəfi məcburdur ki, təhlükəsizliyi təmin etmək üçün atəş açılan mövqelərə cavab versin. Dünən də həmin atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin verdiyi cavab nəticəsində erməni tərəfi itki verib. Bu, birinci dəfə deyil. Bilirsiniz ki, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. ATƏT-in Minsk Qrupu belə bir müraciət etdi ki, seçki ərəfəsində cəbhədə gərginlik minimuma çatdırılsın və atəşkəs rejiminə riayət edilsin. Azərbaycandan fərqli olaraq Ermənistanda seçki qabağı prosseslər gərgindir. Cəmiyyət 2 yerə bölünüb. Ermənistanda sağlam cəmiyyət insan itkisinin sonlandırılması üçün Qarabağı probleminin həllini tələb edir. Azərbaycanda yeni beynəlxalq enerji proyektləri ortaya çıxır. Ermənistanın bu proyektlərdən kənarda qalması, iqtisadiyyatları Rusiyanın təsiri altına düşməsi onları qəzəbləndirir. Serj Sarksiyan Qarabağ faktoru ilə cəmiyyətdəki problemlərdən fikir yayındırmaq üçün Qarabağda gərginliyi artırır”.

Polkovnik onu da bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi tez-tez cəhhə bölgəsinə gedir və ordunun döyüş hazırlığı mütəmadi ölkə rəhbərliyinin nəzarətindədir:

"Yerlərdə lazım olan tapşırıq verilir. Bunun da səbəb odur ki, biz ermənilərdən daim təxribatlar gözləyirik. Öz bölmələrimizi yüksək döyüş vəziyyətində saxlayırıq. Ermənistan tərəfinin təxribatlarının qarşısı layiqincə alınır. Ali Baş Komandanımız demişdi ki, "Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olub getsin”. Erməni əsgərləri hələ də Azərbaycan torpağındadır. Onlar işğalçı niyyətlərindən əl çəkmək istəmirlər. Belə olan təqdirdə də düşmən tərəfi hər zaman itki verəcək, erməni anaları öz övladlarını tabutlarda qəbul edəcəklər. Hesab edirəm ki, erməni anaları övladlarını işğal edilmiş ərazilərdə işğalçı kimi xidmət etmələrinə icazə verməməlidir. Öz etirazlarını düzgün bildirirlər. Hesab edirəm ki, erməni tərəfinin dünənki itkiləri bu etirazı daha da gərginləşdiriləcək. Azərbaycan silahlı qüvvələri ali baş komandanımızın rəhbərliyi ilə öz fikrini çoxdan bildirib. Azərbaycan heç vaxt torpaqlarının işğalda qalmasına razılıq verməyəcək. Tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Rusiyada, Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra ya düşmən tərəfə təklif ediləcək ki, geri çəkilsin, ya da bəlkə də böyük dövlətlər Azərbaycana yaşıl işıq yandıracaq. Azərbaycan silahlı qüvvələri də öz gücünü göstərəcək”.
İcmal.Az

RƏYLƏR