Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Bunu Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində söylədiyi nitqində deyib.
Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir: "Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərmişdir".
Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub: "Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılmışdır".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir: "Son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artmışdır. Bir milyon 600 min iş yeri yaradılmışdır. Yoxsulluq beş faiz səviyyəsinə düşmüşdür. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək".
İcmal.Az