Gənclər cəmiyyətin aparıcısı qüvvəsi, dövlətin və millətin gələcəyidir. Odur ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlətimizin apardığı gənclər siyasəti uğurla həyata keçirilir. Artıq on dörd ilə yaxın fəaliyyət göstərən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası vətəndaş cəmiyyətinin inkişafında, gənclərimizin maarifləndirilməsi və eləcə də Azərbaycan gəncliyinin müxtəlif beynəlxalq gənclər platforması və tədbirlərində təmsil olunmasında fəallıq göstərir, həyata keçirdiyimiz bir sıra layihələr cəmiyyətdə maraqla qarşılanır.
Təsadüfi deyil ki, 2006-cı ildə təsis edilmiş təşkilatın son bir il ərzində gördüyü işlər bu baxımdan seçilir. Məlumdur ki, təşkilatımız adından da göründüyü kimi, Azərbaycan gəncləri ilə Slavyan ölkələrində yaşayan gənclərlə dostluq və mədəni əlaqələr qurmaq, əməkdaşlıq etmək və cəmiyyətə faydalı olmaq, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək, gənclər üçün innovativ layihələr həyata keçirməkdən ibarətdir. Təşkilatın məqsədləri arasında həmçinin həmin ölkələrdə fəaliyyət göstərən gənclərimizin təşkilatlanmasına müsbət təsir göstərmək də var. Çünki hər bir azərbaycanlı ölkəmizin sərhədlərindən kənarda ölkəmizin təmsilçisi, gələcək fəal diaspora üzvləridir. Məhz xaricdə güclü diasporumuzun formalaşması, xaricdə oxuyan və fəaliyyət göstərən, yaşayan intellektual ziyalılarımızdan, soydaşlarımızdan, xüsusilə də aparıcı qüvvə olan gənclərdən asılıdır.
Bu gün hüquqi və demokratik ölkə olan Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçisi olan QHT-lər, xüsusilə də gənclər təşkilatları Azərbaycan gəncliyini maraqlandıran mövzularda layihələr həyata keçirir, konfrans və tədbirlər təşkil edir ki, bu da gəncliyin inkişafında mühüm vasitələrdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu ilə səmərəli əməkdaşlığın nəticəsidir ki, bu il də bir sıra layihələrimiz uğurla yekunlaşıb.
Qeyd edim ki, ASGA-nın əsas strateji profillərindən birinin də diaspor siyasətidir. Odur ki, mütəmadi olaraq, bu istiqamətdə bir çox işlər görürük, təşkilatımızın Rusiyada, Ukraynada, Polşada və Belarusda nümayəndəlikləri uğurla fəaliyyət göstərir. Keçən ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığımız "LOBBI.az informasiya portalının hazırlanması” layihəsi istər vətəndaş cəmiyyəti nümayəndələri, istərsə də media nümayəndələri, diaspora üzvləri tərəfindən maraqla qarşılandı. Bir daha əmin oldum ki, diasporumuzun daha da inkişafı, ölkəmizin xaricdə ən yüksək səviyyədə təmsil olunması və Azərbaycan həqiqətlərinin çatdırılması üçün güclü lobbiçilik vı diaspora əsas şərtlərdəndir. İctimaiyyətə təqdim etdiyimiz yeni portal ümid edirəm ki, öz töhfəsini verəcək.
ASGA olaraq ölkə daxilində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Milli QHT-lər Forumu və bir çox qurumlarla, ölkə xaricində isə səfirliklərlə, Avropa Şurası Gənclər Departamenti, Rusiya Duması Gənclər Parlamenti, Moskva Azərbaycanlıları İcması, Birləşmiş Ukrayna Diasporası, Polşa Azərbaycanlıları Birliyi, Kipr Azərbaycan Diaspora Mərkəzi və bir çox təşkilatlarla sıx əməkdaşlıq edirik. Bu ili daha bir uğuru ASGA-nın Belarusda nümayəndəliyinin fəaliyyətə başlaması oldu. Yaxın gələcəkdə xarici ölkələrdəki nümayəndəliklərin rəhbər vəzifələrinə yenidən seçkilər keçiriləcəkdir. Növbəti hədəfimiz isə Çexiyada nümayəndəlik təşkil etməkdir. Bu il həmçinin Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nu təşkil etdik. Belə bir Forum ilk dəfə təşkil edilsə də, uğurla baş tutdu. Tədbirdə səmərəli müzakirələr gələcək əməkdaşlıq üçün yeni ideyalar yaratdı. Hesab edirəm ki, sözügedən forum yaxın gələcəkdə bizim üçün çox mühüm platformaya çevrilə bilər. ASGA olaraq biz növbəti illərdə daha çox ölkələri əhatə edə bilər, daha maraqlı mövzularda müzakirələr apara bilərik. Bu layihənin davamı olaraq Slavyan ölkələrində spesifik forumlar reallaşdırmaq niyyətindəyik. ASGA olaraq həmçinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan beynəlxalq platformalarda iştirak edir, Azərbaycan gəncliyini təmsil edirik. Bu il Vyanada - ATƏT-in mənzil qərargahında "İnsan alveri ilə mübarizədə texnologiyadan istifadə etmək: məsuliyyəti aktivə çevirmək” mövzusunda keçirilən 8-ci sessiyasında çıxış etdim. Çıxışda Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması, bu ərazilərin narkotik ticarətçiləri və insan alverçiləri üçün mərkəzə çevrilməsini qeyd etdim. Bu cür platform və tədbirlərdə hər zaman Azərbaycan həqiqətlərini dünyaya çatdırır, informasiya müharibəsində güclü olmaq üçün gənclərimizin potensdialından istifadə edir, onların vətənpərvər ruhda formalaşmasına dəstək oluruq.
Bu ilin gənclər üçün ən yaddaqalan əlamətdar hadisəsi isə, sözsüz ki, Prezident İlham Əliyevin Gənclər Günü ilə əlaqədar bir qrup fəal Azərbaycan gənci ilə görüşü oldu, onlara öz tövsiyə və tapşırıqlarını verdi. Ümid edirik ki, məhz Prezidentimizin tövsiyələrindən yola çıxaraq, bu ili daha səmərəli və maraqlı fəaliyyətlə başa vuracağıq.
Səbuhi ABBASOV,
"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası”nin rəhbəri