Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı binanın bir qrup sakini Milli.Az-a müraciət edərək mənzillərinin sökülməsi ilə bağlı onlara kompensasiya ödənilməsi ilə bağlı gülünc təklif edildiyini bildiriblər.
Şikayətçilərin sözlərinə görə, bununla əlaqədar göndərilən bildirişdə qeyd olunan kompensasiya məbləği onları birmənalı olaraq qane etmir: "Bizə elə kompensasiya təklif edirlər ki, onunla həmin ərazidə ev almaq mümkün deyil. Şəhərin mərkəzindəki binada mənzilimizə 20-30 min manat təklif etməklə bizə çox ədalətsiz, heç bir qiymətləndirmə prinsiplərinə sığmayan bir məbləği qəbul etdirmək istəyirlər".
Sakinlər bildiriblər ki, kompensasiya məbləğinin azlığı ilə bağlı onlar müvafiq dövlət qurumlarına, o cümlədən baş nazirə, maliyyə nazirinə, "Azəravtoyol" ASC-nin sədrinə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar:
"Hazırda 32 ailə Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı beşmərtəbəli binanın 4-cü və 5-ci mərtəbələrində yaşayırıq. Bu ilin iyul ayında Nəsimi Rayon İcra Hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri bizə bildirdilər ki, yaxın vaxtlarda yaşadığımız bina söküləcək. Ancaq sökülərkən ədalətli kompensasiya veriləcək. Lakin 22.08.2017-ci il tarixdə bizə bildiriş verilmiş və 1 kv.m üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi barədə qeyd olunmuşdur. Xatırladaq ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılar 14-28 kv.m, iki otaqlılar isə 30-40 kv.m arasında dəyişir".
Təklif edilən kompensasiyanın məbləği ilə razı olmayan ailələr deyir ki, həmin pulla yaşadıqları ərazidə ev almaq qeyri mümkündür: "Yaşadığımız metronun "28 may" stansiyası ətrafında, Keykab Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2500 manata satılır. Həmin ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti isə 85 min manat təşkil edir".
İndi sakinlərin tələbi odur ki, ya digər pilot layihələrdə olduğu kimi onlara da elə bir kompensasiya məbləği verilsin ki, mənzillərinə uyğun şəhərdə başqa mənzil ala bilsinlər, ya da elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunsunlar.
İcmal.Az