SOCAR yeni istiqrazlar buraxır – TARİX ELAN OLUNDU

OXUNUB: 1088 İQTİSADİYYAT
Uzun müddətdən bəri investorlar tərəfindən ünvanlanan çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, Azərbaycanın beynəlxalq miqyaslı enerji şirkəti SOCAR tərəfindən daxili bazar üçün bu ilin 20 sentyabr tarixində yeni istiqrazlar buraxılacaq. 

İqtisadi.Az xəbər verir ki, Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR, 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atmış və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub saxlamışdır. 100 milyon dollarlıq həcmdə emissiya olunan ilk istiqrazlara tələbat iki dəfədən artıq oldu və hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 200 milyon dollar təşkil etməkdədir. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə etmiş olacaqlar.

"SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək. SOCAR İstiqrazlarına abunə yazılışı bu ilin 20 sentyabr tarixndən başlayacaq və 10 gün müddətində davam edəcək. İstiqrazlara abunə yazılışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.) SOCAR İstiqrazlarını 1 və 5 saylı "ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR  İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaqdır. Ətraflı məlumat üçün *19 99 və socarcapital.az

RƏYLƏR