Mingəçevir sakini halal məvacibini bankdan ala bilmir. Belə
ki, Esmira Hidayətova adlı müştəri, 2015-ci ildə "Access Bank"ın Mingəçevir
filialından götürdüyü krediti 2017-ci ilin 6-cı ayında ödəyib qurtarıb.
Bu barədə ona tam ödəyib qurtardığını təsdiq edən qəbz də təqdim olunub. Bankın
müştərisi olan Esmira xanım, məvacibini də sözügedən bankda olan şəxsi hesabına
köçürülmə yolu ilə alır.
Rubrika.Az teref.info-ya istinadən bildirir ki, bu günlərdə isə xanım müştəri məvacibini
almaq üçün banka üz tutsa da, qəribə məqamla üzləşib. Bankdan ona bildirilib
ki, "sizin 67 dollar kredit borcunuz qalıb və bu səbəbdən bank tərəfindən
məvacibiniz tam olaraq kredit borcunun ödənilməsinə yönəldilib".
Sputnik Azərbaycan-a danışan Esmira Hidayətova, bankın yalnız öz mənafeyini
güddüyünü, öz qanunları ilə caamata meydan oxuduğunu bildirib: "Mənə
deyirlər ki, maaşımın hamısı kreditə yönəlib. Evdə isə 6 nəfər mənim maaşıma
göz dikir. Xəstə uşaq, kommunal və digər xərclər də bu pulla ödənilməli
idi".
"Ötən gün işıq kartında məbləğ olmadığına görə işıqlarımız söndü. Tərslikdən
suyumuz da qurtarıb ki, o da kartla ödənilməlidir. Başqa yerdən gəliri olmayan
adam necə etsin? İndi oturub bir ayda işıqsız, susuz gözləməliyəm ki, gələn ay
maaşım köçsün, mən ehtiyaclarımı ödəyim? Hansı qanunda yazılıb ki, müştərinin
bank hesabına köçən məvacib 100% tutulsun?" — o, sual edir.
Bankdan isə müştəriyə, ərizə ilə baş ofisə müraciət etməli olduğunu, müraciət əsasında
ola bilsin, məvacibin müəyyən faizinin müştəriyə qaytarıla biləcəyi bildirilib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən hüquqşünas Samir İsayev, məhkəmə
qərarı olmadan bankların müştərinin məvacib kartlarından, yaxud hesablarından
birbaşa pul tutulmasının qanunsuz olduğunu bildirib./rubrika.az
İCMAL.az