“Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB

OXUNUB: 821 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə mərhumənin oğlu, tanınmış jurnalist Fərahim Qasımov məlumat verib: "Anam Bahar Qasımovanın "Stimul hospital”da öldürülməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  "Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Mərkəzi Məhkəmə – Tibbi Ekspertizası şöbəsinin rəisi Ceyhun Allahverdiyev tərəfindən verilən ölüm şəhadətnaməsində qeyd olunur ki, anamın ölümünə səbəb "Dəqiqləşdirilməmiş anafilaktik şok” olub. 
Sənəddə qeyd olunur ki, pataloji prosesin (anafilaktik şok) başlanması ilə ölüm arasındakı  30 dəqiqə vaxt olub. 
Anafilaktik şoka səbəb isə, dəqiqləşdirilməmiş dərman vasitələri, mediakamentlər və bioloji maddələrlə zəhərlənmə olub. 
Bu, bir daha sübut edir ki, anam Bahar Qasımovaya hərarəti ola-ola, yoxlanılmadan sistem köçürülüb və bu proses zamanı tibb bacısı Mələk Abbasova onun yanında olmayıb.  (anafilaktik şokun başlanması ilə ölüm arasında 30 dəqiqə vaxt olub)
Sistem iynəsi şok verdiyi zaman dərhal reanimasyon müdaxilə edilsəydi, anam indi yaşayırdı. 
Tibb bacısı Mələk Abbasova sistem iynəsini anamın qoluna keçirdikdən sonra otağı tərk edərək, başqa palatadakı xəstələrə baş çəkib. Anam anafilaktik şok keçirib və keçinib. Tibb bacısı M.Abbasova sonradan anamın olduğu palataya qayıdıb, onun keçindiyini görəndən sonra reanimasyon müdaxilə edilməsi üçün kömək çağırmaq əvəzinə, terapevt İlham Hüseyni axtarıb.
İ.Hüseyn də palataya gələndən sonra anamı ağ çarpayıya bükülməsi ilə bağlı göstəriş verib. 
Bu müddətdə anamın vəziyyəti ilə maraqlanan bacım və qonşularımı hospitaldan çıxarmağa çalışıblar. 
İ.Hüseynin atama "Xəstənin vəziyyəti ağırdır, reanimasiya şöbəsində aparata qoşulub, palataya yerləşdirmişik, müdaxiləmizə baxmayaraq onu həyata qaytara bilmədik" yalanlarının arasında heç 3 dəqiqə ara olmayıb. 
İ.Hüseyn atama deyib ki, "klinikanın maşını hazırdır, narahat olmayın, meyiti göndərəcik evə. Siz də evdə təcili yardım çağırarsız, gəlib ölümü təsdiq edərlər".
İlham Hüseyn açıq-aşkar bu əməli ilə, anamın klinikada öz səhlənkarlıqları ucbatından yox, guya evdə öldüyünü göstərmək istəyərək, məsuliyyətdən yayınmağa cəhd edib. 

Atam İlqar Qasımov və bacım bu gün Sabunçu Rayon Prokuroluğunda müstəntiq Kamran Sadıqovun qəbulunda olublar. K.Sadıqov onları əmin edib ki, lazımı sənədlərin toplanması davam edir, ekspertiza rəyindən sonra hadisəyə hüquqi qiymətin verilməsi prosesinə başlanılacaq. 

Müstəntiq Kamran Sadıqov martın 18-dən indiyə kimi keçən müddətdə yalnız bu gün atam və bacımla görüşüb. Bildirib ki, indiyə kimi vaxtı sənədlərin toplanılmasına gedib. O, eyni zamanda bildirib ki, atamın nömrəsini itiribmiş. 

Yalnız mənim Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyevə müraciətimdən sonra Sabunçu Rayon Prokurorluğundan atama zəng vurulub və o, sözügedən rayonun prokurorluğuna dəvət olunaraq işin gedişatı ilə bağlı məlumatlandırılıb. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi TƏBİB"

RƏYLƏR