"İdman Azərbaycan” və MTV kanallarının rəhbəri olmuş Əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən dələduzluqla üzləşib.
Məlumata görə, Elsevər Dünyamalıyev Prezidentin Mühafizə İdarəsinin İnformasiya xidmətinə şöbə rəisi təyin olunmaq üçün danışıqlar apardığı şəxs tərəfindən aldadılıb.
Dünyamalıyevi aldadan şəxsin Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olduğu bildirilir. Elsevər Dünyamalıyev əvvəldən tanıdığı Bəşirovdan sözügedən vəzifəyə təyin olunmasına kömək etməsini istəyib.
Bəşir Bəşirov isə məsələnin həlli üçün 185 min manat lazım olduğunu deyib. Dünyamalıyev qısa müddət ərzində həmin məbləği ona verib.
Lakin Əməkdar jurnalist uzun müddət gözləsə də, təyinatla bağlı heç bir nəticə olmayıb. Sonradan aldadıldığını anlayan Elsevər Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.
Aparılan araşdırmalar zamanı Bəşir Bəşirovun daha bir neçə şəxsin pulunu dələduzluq yolu ilə ələ keçirdiyi üzə çıxıb. Həmin şəxslərin də şikayətləri əsasında Bəşirov həbs edilib.
Təqsirləndirilən şəxs həbs edildikdən sonra zərərçəkmişlərdən aldığı pulları, o cümlədən Elsevər Dünyamalıyevə məxsus 185 min manatı geri qaytarıb. Tərəflər arasında barışıq əldə edildiyi üçün B. Bəşirova 1 il 6 ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Elsevər Dünyamalıyev Arif Alışanovun rəhbərliyi dövründə uzun illər AzTV-də çalışıb. O, sədr müavini və "İdman Azərbaycan” kanalının ilk rəhbəri olub.
Arif Alışanovdan sonra AzTV-dən uzaqlaşdırılan Dünyamalıyev 2024-cü ildə MTV kanalının rəhbəri təyin edilib. O, bir müddət əvvəl həmin vəzifədən də azad olunub./qafqainfo
7NEWS.az






















