Məlikov xəstəxanasında həyəcan təbili: Hamilə qadın saatlarla növbədə, həkimlər isə iş başında yoxdur?! – BİABIRÇILIQ

OXUNUB: 0 Özəl HADİSƏ
7news.az xəbər verir ki, Bakıda yerləşən Məlikov adına xəstəxanada (Sabunçu Tibb Mərkəzi) vətəndaşların üzləşdiyi problemlərlə bağlı ciddi narazılıqlar səsləndirilir. Xəstəxanada saatlarla davam edən növbələr, həkimlərin qəbulda olmaması, tibbi xidmətin təşkili ilə bağlı yaranan xaos və antisanitariya şəraiti artıq insanların səbrini tükəndirib.

Ən narahatedici məqamlardan biri isə hamilə qadının vəziyyətinin pisləşməsinə baxmayaraq, uzun müddət növbədə gözləməyə məcbur qalması ilə bağlıdır. Hamilə qadının səhhətində problem yaranarkən belə operativ tibbi müdaxilənin təmin edilməməsi iddiası ciddi suallar doğurur. Görəsən, bu tibb müəssisəsində təcili tibbi yardıma ehtiyacı olan pasiyentlərin vəziyyəti kim tərəfindən qiymətləndirilir?

Vətəndaşların narazılığı təkcə növbələrin uzunluğu ilə məhdudlaşmır. Bildirilir ki, insanlar saatlarla həkim qəbulunu gözləyir, lakin növbə onlara çatanda məlum olur ki, həkim iş yerində deyil, qəbulunu başa vuraraq xəstəxananı tərk edib və ya ümumiyyətlə işə gəlməyib. Belə olan halda pasiyentlərin itirdiyi vaxta, çəkdiyi əziyyətə və səhhətinə görə kim məsuliyyət daşıyır?

Xəstəxana insanların sağlamlığının qorunmalı olduğu, ən çətin anlarında ümid yeri kimi üz tutduğu tibb müəssisəsidir. Lakin saatlarla davam edən növbələr, tibbi personalın əlçatmazlığı və qəbul prosesindəki qeyri-müəyyənlik bu ümidləri ciddi şəkildə sarsıdır.

Bununla yanaşı, xəstəxanada sanitar-gigiyenik vəziyyətlə bağlı da narazılıqlar səsləndirilir. Üfunət, antisanitariya və təmizliklə bağlı problemlər barədə iddialar tibb müəssisəsindəki şəraitin nə dərəcədə qənaətbəxş olması sualını gündəmə gətirir. İnsanların sağlamlığının qorunmalı olduğu bir məkanda belə vəziyyətin mövcud olması yolverilməzdir.

Ortaya bir sıra suallar çıxır: Xəstəxanada həkimlərin iş qrafikinə kim nəzarət edir? Qəbul saatlarında həkimlərin yerində olmamasının səbəbi nədir? Hamilə qadınlar və digər təcili tibbi yardıma ehtiyacı olan pasiyentlər niyə vaxtında qəbul edilmir? Sanitar-gigiyenik vəziyyətə görə məsul şəxslər hansı tədbirləri görürlər?

Səhiyyə müəssisəsində idarəetmənin zəif təşkili sadəcə inzibati nöqsan deyil. Bu, birbaşa insanların sağlamlığına və həyatına təsir edə biləcək ciddi problemdir. Xəstəxanada nizam-intizam, məsuliyyət və pasiyent hüquqlarına hörmət təmin edilməlidir.

Aidiyyəti qurumları, xüsusilə TƏBİB-i və Səhiyyə Nazirliyini Məlikov adına xəstəxanada yaranmış vəziyyəti araşdırmağa, həkimlərin işə davamiyyətinə, pasiyentlərin qəbulunun təşkilinə və sanitar-gigiyenik şəraitə nəzarəti gücləndirməyə çağırırıq.

Xəstəxana özbaşınalığın deyil, şəfanın ünvanı olmalıdır! İnsanlar saatlarla növbədə əziyyət çəkmək üçün deyil, sağlamlıqlarına qovuşmaq üçün xəstəxanaya üz tuturlar.
 
 

7NEWS.az

RƏYLƏR