Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi və Nazirlər Kabinetinin qərarlarının icrası ətrafında müzakirələr dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin qorunması məsələsini yenidən gündəmə gətirir. Söhbət baş örtüyünə ümumi qadağadan deyil, məktəbdə müəyyən edilmiş qaydalara əməl olunmasından gedir. Gündəlik həyatda və digər sahələrdə baş örtüyündən istifadə sərbəstdir. Azərbaycan ailə modelinin, milli təəssübkeşliyin və vətənpərvərliyin qorunması, təhsil mühitinin yad təsirlərdən və dini eksperimentlərdən uzaq saxlanması xüsusi əhəmiyyət daşıyır. Məktəb dini eksperiment meydanına çevrilməməlidir. Uşaqların ifrat dini simvolikaya cəlb edilməsi, zorakılıq, təxribat və qanun pozuntularını əks etdirən görüntülər üzrə ifşa və təhlillərin davam etdirilməsi, yeni faktların əvvəlkilərlə birlikdə ictimaiyyətə çatdırılması da vacibdir.
Dünyəvi təhsili və uşaqları zərərli ideoloji təsirlərdən qorumaq üçün hansı addımlar atılmalıdır?

Millət vəkili Elşən Musayev Musavat.com-a açıqlamasında mövcud durumu suallarla cavablayıb:
"Məsələnin bu şəkildə müzakirə predmetinə çevrilməsində xüsusi maraqlı qüvvələr var və son günlər baş verən hadisələr də dediyimi sübut edir. Kimlərdir həmin qüvvələr? - Azərbaycanın və azərbaycanlıların xoş gününü istəməyənlər. Haradadır həmin qüvvələr? - Sərhədlərimizdən kənarda. Niyə belə edirlər? - Çünki əllərinə fürsət düşüb, bəhanə tapıblar və həmin fürsət, bəhanə üzərindən məkrli təbliğatlarını aparırlar, "beyin yumaq” işi ilə məşğuldurlar, din pərdəsi altında öz çoxdankı, əzəli məqsədlərinə çatmağa çalışırlar.
Mənim ürəyim ən çox bilirsinizmi nəyə, daha doğrusu, kimə yanır? O prosesə alət edilən körpə balalara. Bəzi valideynlərin əlində sözün gerçək anlamında əsir qalan günahsız uşaqlara. 6-7 yaşında ikən, üzərlərinə dini öhdəlik qoyulan məktəblilərə. Yazıq deyilmi onlar? Bir ata, bir ana olaraq öz övladınızla necə belə davrana bilirsiniz? Məktəb qarşısında 2-ci sinif uşağına yad şivə ilə necə mərsiyyə oxutdura bilirsiniz? Onları təlimatlandırıb, videoya çəkib, sonra da həmin görüntüləri sırf kiminsə, kimlərinsə xoşuna gəlmək üçün sosial şəbəkələrdə necə paylaşa bilirsiniz? Mövzu axı hicab deyil, vahid məktəbli formasıdır və məlum qərar, ya da lap olsun qadağa - hicab kimi ən az 50 elementə aiddidr. Ayrıca. Növbəti sualım da bəlli kəsimədir: Bu ölkənin hansı yerində, hansı dövlət qurumunda, hansı iaşə obyektində, hansı mədəni və sosial məkanında hicab qadağası var? Niyə kimlərinsə fitnəsinə uyursunuz, tələsinə düşürsünüz?
Minlərlə məscidi olan və bütün dini ayinlərin, ritualların tam sərbəst şəkildə həyata keçirildiyi bir ölkənin hakimiyyətini, rəhbərliyini dinə qarşı çıxmaqda ittiham etməyin özü ən böyük Allahsızlıq deyilmi?
Evdə hələ də kuklasını qucaqlayıb yatan saf balaları, bu dünyanın ən təmiz varlıqlarını, üstəlik qız uşaqlarını əldə qalxan kimi tutmaq, onlardan hansısa missioner qüvvələrin maraqlarının təmin olunması üçün istifadə etmək ən böyük Allahsızlıq deyilmi?
Özünüdərkin hələ heç ilkin mərhələsinə belə çatmayan məktəblini - oxuduğu məktəblə, dövlətlə, qanunla, qayda ilə üzbəüz, qarşı-qarşıya qoymaq ən böyük Allahsızlıq deyilmi? Yüzlələ şagirdin qərarlaşdığı təhsil müəssisəsinin şüşələrini qırmaq, oranı yandırmağa cəhd etmək, müəllimi, elm öyrədən insanı hədələmək, hədəf almaq ən böyük Allahsızlıq deyilmi?”
Deputat müraciət etməyi də unutmayıb:
"Dəyərli həmvətənlər, əziz bacı və qardaşlar, bilin və agah olun ki, bütün mövzularda olduğu kimi, bu məsələdə də dövlətin və siyasi hakimiyyətin tək bir amacı var. O da vətəndaşını qorumaqdır. Onu kənar təsirlərdən və zəhərli təbliğatlardan uzaq saxlamaq, ondan hansısa yad qüvvənin, missionerin, oyunbazın istifadə etməsinə imkan verməməkdir. Bəli. Başqa səbəb yoxdur. Ola da bilməz. Vahid məktəbli forması ilə bağlı qərar verilibsə, rəsmi, qanuni tələb varsa, icra olunmalıdır. Çünki hüquqa və dünyəviliyiə dayanan ölkələrdə belə olur. Şallaq və daşqalaq üsulu ilə çalışanlardan fərqli olaraq”.





















