Bakıda fəaliyyət göstərən "Olivano” restoranında təşkil olunacaq konsertlə bağlı tətbiq edilən qayda diqqət çəkib.
Restoranda tanınmış müğənninin iştirakı ilə konsert proqramı təşkil olunacağı və tədbir üçün biletlərin 250 manatdan 800 manatadək satıldığı bildirilir. Biletin qiyməti səhnəyə yaxınlıqdan asılı olaraq dəyişir. Sözügedən məbləğə menyunun da daxil olduğu qeyd olunur.
Məsələ ilə bağlı restoranla əlaqə saxlayaraq iki nəfərlik, 500 manatlıq bilet almaq istədiyimizi bildirdik. Əməkdaşdan iki kişinin tədbirə daxil olub-ola bilməyəcəyini soruşduqda isə "xanım olacaq?” sualı verilib.
Xanımın olmayacağını bildirdikdə iki kişinin xanımsız şəkildə tədbirə girişinə icazə verilmədiyi bildirilib.
Qeyd edək ki, "Olivano” ailəvi restoran kimi fəaliyyət göstərir və gecə klubu deyil. Buna baxmayaraq, xanımsız kişilərin tədbirə buraxılmaması kimi qaydanın tətbiqi ciddi suallar yaradır. Ölkəmizdə bu tip giriş məhdudiyyətlərinə daha çox gecə klublarında rast gəlinir.
Digər tərəfdən, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, kişi və qadın eyni hüquq və azadlıqlara malikdir və cinsə görə hüquq və azadlıqların məhdudlaşdırılması qadağandır. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda da cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağan edilir.
Bu baxımdan, yalnız kişinin yanında xanımın olub-olmamasına görə tədbirə girişin məhdudlaşdırılması qanunvericiliyin tələbləri baxımından sual doğurur və ayrı-seçkilik kimi qiymətləndirilə bilər.
"Olivano”nun bu qaydanı hansı hüquqi əsasla tətbiq etdiyi isə ictimaiyyət üçün açıq şəkildə izah edilməlidir./patrul
7NEWS.az























