Qısamüddətli külək “Sabah Residence” fasadını darmadağın etdi: PREMİUM BİNANIN ƏSL "SİMASI"

OXUNUB: 0 GÜNDƏM Özəl HADİSƏ

Bakının Bayıl qəsəbəsində yerləşən və premium yaşayış kompleksi kimi təqdim olunan "Sabah Residence” bu dəfə fasad problemi ilə gündəmə gəlib.

Sentyabrın 7-də paytaxtda güclənən külək nəticəsində binanın fasad örtüyünün bir hissəsi qoparaq yerə düşüb. Hadisə zamanı xəsarət alan olmadığı bildirilir. Maraqlıdır ki, söhbət sıradan bir yaşayış binasından yox, özünü yüksək standartlar, müasir texnologiyalar və premium həyat tərzi ilə təqdim edən kompleksdən gedir.

Layihənin rəsmi təqdimatında "Sabah Residence” üçün müasir memarlıq, yüksək texnoloji standartlar və rahatlıq xüsusi vurğulanır. Kompleksin fasadının renovasiyasını həyata keçirən şirkət isə istifadə olunan fiber-beton materialının yüksək davamlılığı və hava şəraitinə qarşı dayanıqlılığı ilə seçildiyini bildirir.
Belə olan halda ortaya kifayət qədər ciddi sual çıxır: əgər fasad həqiqətən yüksək davamlı və hava təsirlərinə davamlı materiallarla hazırlanıbsa, adi güclü külək zamanı onun bir hissəsinin qopmasına nə səbəb olub?

Məsələnin yalnız küləyin gücü ilə izah edilməsi də kifayət qədər əsaslı görünmür. Çünki çoxmərtəbəli yaşayış binalarında fasad elementlərinin bərkidilməsi, konstruksiyanın külək yüklərinə hesablanması və materialların təhlükəsizliyi birbaşa insanların həyat və sağlamlığı ilə bağlı məsələlərdir. Üstəlik, "Sabah Residence”in adı ilk dəfə deyil ki, narazılıq və mübahisələrlə gündəmə gəlir. 2018-ci ildə Bayıl sakinləri kompleksin tikintisi ilə əlaqədar evlərinin sökülməsi, kompensasiya və mülkiyyət hüquqları ilə bağlı narazılıqlarını ifadə ediblər. Həmin dövrdə bir sıra sakinlər şirkətlə məhkəmə çəkişməsində olduqlarını bildiriblər. 

Daha əvvəl kompleksin tikintisində çalışan ekskavator operatoru Qafarov Ədalətin də iş zamanı xəsarət aldığını və sonradan müalicə xərcləri ilə bağlı şirkətdən narazı qaldığını bildirdiyi barədə məlumat yayılıb./ajans
 
 
 

7NEWS.az

RƏYLƏR