Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da "Victory Day in the "Year of Urban Planning and Architecture” adlı məqaləsi dərc olunub.
Məqalədə bu il müdrik xalqımızın Azərbaycan Prezidentinin Sərəncamına əsasən elan olunmuş "Şəhərsalma və Memarlıq İli"ndə artıq altı ildir olduğu kimi, 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd etdiyi diqqətə çatdırılır. Belə ki, 8 Noyabr tarixinin Azərbaycanın dövlətçilik tarixində yaşadığı, bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdiyini, məhz həmin gün qəhrəman əsgər və zabitlərimizin düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardığı vurğulanır.
Deputat yazısında qeyd edir ki, uzun illər həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfər, hər birimizə canı qədər əziz olan üçrəngli Bayrağımızın viran qoyulmuş şəhərlərimizdə dalğalanması ilə nəticələndi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
Sonra M.Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin noyabrın 3-də keçirilən plenar iclasında Zəfər Günü münasibətilə qəbul edilən bəyanatda və Milli Məclisin sədrinin çıxışında da vurğulandığı kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətinin ildən-ilə daha dolğun şəkildə üzə çıxdığını bildirir. Burada 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti dörd fundamental anlayış üzərində dayanır: ədalət, dövlətçilik, hüquq və quruculuq.
Sonda deputat yazıda noyabr ayında qədirbilən Azərbaycan xalqının Zəfər Günü ilə yanaşı, Dövlət Bayrağı Günü və Konstitusiya Gününü böyük çoşqu ilə qeyd etdiyinə, eləcə də bu şanlı tariximizin təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacağına toxundu.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.eureporter.co/world/azerbaijan-world/2026/11/08/victory-day-in-the-year-of-urban-planning-and-architecture/
























