Azərbaycanın Dövlət Bayrağı milli dövlətçilik tariximizin müxtəlif mərhələlərini, xalqımızın siyasi özünüdərk prosesini, müstəqillik uğrunda mübarizəsini və suverenlik iradəsini özündə ehtiva edən fundamental dövlətçilik atributudur. Onun tarixi yalnız dövlət rəmzinin yaradılması və bərpası ilə məhdudlaşmır. Üçrəngli bayrağın keçdiyi yol Azərbaycanın milli dövlətçilik konsepsiyasının formalaşmasının, ideoloji əsaslarının müəyyənləşdirilməsinin və tarixi varisliyinin təmin olunmasının mühüm göstəricisidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayraq XX əsrin əvvəllərində milli siyasi düşüncədə baş verən köklü dəyişikliklərin ifadəsi idi. Əli bəy Hüseynzadənin formalaşdırdığı türkçülük, müasirlik və islamçılıq prinsiplərinin vəhdəti bayrağın ideoloji əsasını təşkil edirdi. Mavi rəng milli kimliyi və türkçülüyü, qırmızı rəng müasir inkişaf və demokratik cəmiyyət quruculuğunu, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyəti ifadə edirdi. Bu üç ideyanın vahid dövlət rəmzində birləşdirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-fəlsəfi dünyagörüşünün təzahürü idi. Cümhuriyyət qurucuları milli kimliklə müasir dövlətçilik arasında ziddiyyət görmür, milli-mənəvi dəyərlərin qorunmasını və demokratik inkişafı vahid konsepsiyanın tamamlayıcı istiqamətləri hesab edirdilər. Beləliklə, üçrəngli bayraq müstəqil Azərbaycan dövlətinin yalnız atributu deyil, həm də onun ideoloji manifestinə çevrildi. 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi üçrəngli bayrağın rəsmi statusuna son qoysa da, onun daşıdığı milli ideyanı aradan qaldıra bilmədi. Sovet hakimiyyətinin mövcud olduğu onilliklər ərzində bayraq istiqlal düşüncəsinin, milli özünüdərkin və tarixi varislik şüurunun simvolu kimi yaşadı. Bu baxımdan, onun yenidən dövlət rəmzi kimi bərpası sadəcə tarixi atributun qaytarılması deyil, milli dövlətçilik ideyasının siyasi müstəvidə yenidən təsdiqi idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi, eləcə də onun Azərbaycanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırılmasının bu prosesin mühüm mərhələsi olduğunu xatırladan deputat qeyd edib: "1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycanın Dövlət Bayrağı statusunu yenidən qazandı. Həmin il dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin hüquqi-siyasi varisliyi təmin edildi. Lakin müstəqilliyin bərpası dövlət suverenliyinin bütün ərazilərdə təmin olunması demək deyildi. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı Azərbaycanın qarşısında ciddi siyasi və təhlükəsizlik problemləri yaratmışdı. Beləliklə, üçrəngli bayrağımızın tarixi missiyasına yeni məzmun əlavə olundu. O, müstəqilliyin və milli kimliyin rəmzi olmaqla yanaşı, ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin edilməsi uğrunda mübarizənin də simvoluna çevrildi. İşğal altında olan ərazilərimizdə dövlət bayrağımızın dalğalana bilməməsi müstəqil Azərbaycanın qarşısında duran əsas strateji vəzifələrdən birinin mahiyyətini ifadə edirdi. Bu baxımdan, ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi zərurət deyil, həm də tarixi dövlətçilik ənənələrinin tamlığının təmin edilməsi məsələsi idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin tarixi vəzifənin həyata keçirilməsində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı Qələbə, noyabrın 8-də Şuşanın azad edilməsi və şəhərdə Dövlət Bayrağımızın ucaldılması milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsinə çevrildi. Bu Zəfər üçrəngli bayrağımızın tarixi məzmununda da yeni mərhələ açdı. Əgər əvvəlki dövrdə bayraq müstəqilliyin və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi çıxış edirdisə, Vətən müharibəsindən sonra həm də hərbi-siyasi qələbənin və suverenlik iradəsinin təcəssümünə çevrildi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradı isə bu tarixi reallığın nümayişi olmaqla yanaşı, dövlət-xalq-ordu birliyinin və Azərbaycanın milli maraqlarını müdafiə etmək qüdrətinin ifadəsi idi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası üçrəngli bayrağın şərəf tarixində mühüm mərhələ oldu. Oktyabrın 15-də Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda və Xocavənddə Dövlət Bayrağımızı ucaltması Azərbaycanın konstitusion suverenliyinin bütün ərazilərdə təmin edilməsinin rəmzi ifadəsinə çevrildi. Bununla da bayrağımızın tarixi yolunda uzun illər davam edən ərazi bütövlüyü və suverenlik mübarizəsinin yeni mərhələsi başlandı. Bu hadisələr bir daha təsdiqlədi ki, dövlət bayrağının mahiyyəti onun rəsmi atribut statusundan daha genişdir. Bayraq dövlətin siyasi müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini və milli iradəsini təcəssüm etdirir".
Deputat bildirib ki, üçrəngli bayrağımız bir əsrdən artıq müddətdə müxtəlif siyasi sistemlərin, tarixi sınaqların və mürəkkəb geosiyasi proseslərin şahidi olub. Lakin onun ifadə etdiyi milli dövlətçilik ideyası öz mahiyyətini qoruyaraq müasir Azərbaycanın ideoloji və siyasi əsaslarından birinə çevrilib:”Bu gün üçrəngli Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir. Onun qorunması, ucalığının təmin edilməsi və təmsil etdiyi dəyərlərin yaşadılması isə hər birimizin üzərinə düşən ümummilli məsuliyyətdir".






















