Şura 2018-ci il fəaliyyət planı ilə bağlı qərarlar qəbul edib

OXUNUB: 36 QHT

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il üçüncü rübdəki fəaliyyət barədə hesabat, icrası başa çatmış layihələr, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili məqsədi ilə yaradılmış İşçi Qrupunun fəaliyyət istiqamətinin müəyyən olunması, Rusiya Federasiyasının İctimai Palatası arasında Əməkdaşlıq və Birgə Fəaliyyət haqqında Memorandumun imzalanması və Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq müvafiq istiqamətlər üzrə cari ilin üçüncü rübündə həyata keçirilən işlər haqqında məlumat verib. F. Qurbanov qeyd edib ki, Şəmkir, Mingəçevir və Şirvan şəhərlərində ölkənin 33 rayonunda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda konfranslar keçirilib. Şuranın Qhtxeber internet saytı və "Vətəndaş Cəmiyyəti” jurnalı QHT-lərə informasiya xidmətini 2017-ci ilin üçüncü rübündə də davam etdirib. 

İcraçı direktor bildirib ki, ötən rüb ərzində 5 QHT Şuranın dəstəyi ilə beynəlxalq toplantılarda iştirak edərək ölkəmizi təmsil edib. 147 QHT-nin layihəsinin icrası, həmçinin Şuranın dəstəyi ilə yaradılmış Bakı Resurs və Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı monitorinq aparılıb. Şuranın 2017-ci il qrant müsabiqəsi çərçivəsində icra olunmuş 199 QHT-nin layihəsinin başa çatması ilə əlaqədar müvafiq akt bağlanıb. 

Fərasət Qurbanov 2008-2016-cı illərdə Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi məqsədi ilə görülmüş işlər və tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə yaradılmış Münsiflər Heyətinin fəaliyyəti barədə də geniş məlumat verib.

Şura üzvləri Şahin İsmayılov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Nərgiz Xələf, Emin Həsənli, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı fikirlərini bildiriblər. 

Şura sədri Azay Guliyev yubiley tədbirlərinin və film festivalının təşkili və bir sıra cari məsələlərin icrası ilə bağlı Şura üzvləri və Katiblik əməkdaşlarına tapşırıqlarını verib.

İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupuna yeni şəxslərin üzvlüyə daxil edilməsi və fəaliyyət istiqamətləri ilə bağlı qərar qəbul olunub.

 

İcmal.Az

RƏYLƏR