"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə bu ilin 6 ayında (yanvar-iyun) 220 müraciət daxil olub.
İcmal.Az "Təmiz Dünya”ya istinadən xəbər veriri ki, təşkilata ölkənin əksər rayon və şəhərlərindən müraciətlər var.
İctiami Birliyin sədri Mehriban Zeynalova bildirib ki, Bakı üzrə müraciətlərin sayına görə Binəqədi rayonu üstünlük təşkil edir. Onun sözlərinə görə, bu rayondan bu ilin ilk rübündə müraciətlərin sayı 21 olub: "Məcburi köçkün rayonlarından Cəbrayıldan 2, Laçından 1 nəfər müraciət edib. Bölgələr arasında müraciət sayına görə ilk üçlükdə Xaşmaz (10), Gəncə (9), Lənkəran (6) dayanır.
Təşkilata xarici ölkə vətəndaşlarından da müraciət daxil olur ki, bu müddətdə müraciətlərin sayı 5 olub. Müraciətlərin böyük əksəriyyəti (139 nəfər) qarşılaşdıqları problemlərlə bağlı həm hüququ, həm psixoloji, həm də tibbi yardım almaqla bağlı olub. Məhkəmələrdə təmsilçilik, sənədlərin düzəldilməsi, əmlak bölgüsü kimi məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib”.
"Müraciətçilərlə aparılan söhbətlər və onlar tərəfindən təqdim edilən məlumatların araşdırılması göstərir ki, ailədaxili zorakılıq hələ də təşkilata müraciətlərin əsas səbəbi olaraq qalır. Ailənin maddi təminatının olmaması, qadınların ikinci və yanlış seçimi bu sırada ilklərdəndir. İndiki halda 6 ayda azı 3 nəfərin ailədə cinsi zorakılığa məruz qaldığını bildirməsi (rəsmi və qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən) mövzunun qadağalar siyahısından tədricən çıxmağa meylli olduğunu göstərir. Zorakılığa məruz qalan digər qadınlar arasında da cinsi zorakılıq qurbanları var. Lakin onlar bu barədə danışmağı məqbul hesab etmirlər. O cümlədən boşanmaların səbəbləri arasında cinsi uyumsuzluq olduğu halda, hər iki tərəf bunu daha çox "xasiyyətlərin uyğun gəlməməsi” qrafasında qeyd edir”, deyə - M.Zeynalova əlavə edib.
Təşkilat sədrinin sözlərinə görə, rəsmi və qeyri-rəsmi nikahda yaşayan ailələrdə boşanma və ya ayrılma zamanı ata tərəfindən alimentin ödənilməməsi də problem olaraq qalır (8 müraciət): "Bu istiqamətdəki müraciətlərdə nikahını davam etdirdiyi və boşanmaq niyyətinin olmadığı həyat yoldaşından övladlarına baxmadığına görə rəsmən aliment tələbi də qeydə alınıb. Bu isə qadınların öz hüquqları və mövcud qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsinin əvvəlki illərə nisbətən artdığını göstərir. Hesabat dövrü ərzində sığınacağa 125 nəfər yerləşdirilib, 36 nəfərə hüquqşunas tövsiyyəsi verilib, 6 nəfərə müvafiq dövlət qurumlarına istiqamətləndirilib, 23 nəfərə göndəriş verilib, 17 nəfərə psixoloji yardım göstərilib, digər müraciətlər isə 13 nəfər təşkil edib. Birliyə müraciət edənlərin böyük əksəriyyəti (125 nəfər) öz istəklərinə müvafiq olaraq təşkilatın sığınacağına yerləşdirilib. Tibbi problemlərin həlli üçün 23 nəfərə göndəriş verilib”.
İcmal.Az