2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən İcmal.Az-a verilən məlumata görə, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
İşçilərin 30,2%-i dövlət, 69,8%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 835,4 manata çatıb.
Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əməkhaqqı binaların tikintisində işləyənlər üzrə 15,7%, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9% artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4% azalıb.
Tikinti müəssisələrinin 60,1%-də işçilərin orta aylıq nominal əməkhaqqı 300 manatdan aşağı, 29,6%-də 301-600 manat, 3,5%-də 601-900 manat, 6,8%-də isə 900 manatdan yüksək olub.