27 dekabr 2017-ci il tarixdə Yasamal rayonu 150 saylı məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən hazırlanan "Unudulmaz yurdumuz Qərbi Azərbaycan" məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan özünrənglə kitabının təqdimatı keçirilmişdir.
Kitabda tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda vaxtı ilə mövcud olmuş , sonralar ermənilər tərəfindən dağıdılan tarixi abidələrimiz, mətbəximiz, təbiət mənzərələrini əks etdirən 28 şəkil yerləşdirilmişdir. Məqsəd böyüməkdə olan yeniyetmə nəslə tarixi torpaqlarımız haqqında məlumat vermək, tarixi həqiqətləri uşaq yaşlarından başlayaraq onlara təlqin etməkdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, "Ermənistan dövləti – tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı və digər bölgələr bizim tarixi torpaqlarımızdır. ...Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan torpaqlarını da işğaldan azad etməli və ermənilərdən qisas almalıyıq...".
Təqdimat zamanı layihənin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə, habelə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan haqqında ibtidai sinif şagirdlərinə geniş məlumat verilmişdir. Sonda şagirdlərə "Unudulmaz yurdumuz Qərbi Azərbaycan" adlı özünrənglə kitabları paylanmışdır. Tədbirdə məktəbin direktoru Sevda Əliyeva çıxış edərək layihənin çox aktual bir mövzunu əhatə etdiyini bildirməklə, böyüməkdə olan yeniyetmə və gənc nəslin öz tarixini dərindən öyrənməsində, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında, milli təəssübkeşlik ruhunun formalaşmasında müsbət rol oynadığını qeyd etdi.