Vaqif Əliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dindirilib

OXUNUB: 1355 index-manşet HADİSƏ

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və ailəsinin adı hallanan dələduzluq faktı üzrə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılıb.



Bu barədə AFN-ə iş üzrə zərərçəkmiş şəxslər məlumat veriblər. Onların sözlərinə görə, Vaqif Əliyev və oğlu Orxan Əliyev də istintaqa cəlb edilərək dindiriliblər: "Vaqif Əliyev dünən (28 avqustda-red.) idarəyə çağırılıb. O, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi ilə görüşüb. Təxminən 2 saata yaxın çəkən görüşdən sonra isə o, işi aparan müstəntiq tərəfindən dindirilib. Biz onun dindirilərək sərbəst buraxılmasını yox, təqsirləndirilən şəxs kimi cəlb olunmasını istəyirik. Çünki bütün hadisələrin səbəbkarı olan baldızı oğlu Nicat Qarayev məhz onun dəstəyilə bu işləri törədib. Bunu onun özü dəfələrlə etiraf edib”.

Qeyd edək ki, İstintaq İdarəsində həmin cinayət işinin istintaqı ilə bağlı 02.08.2019-cu il tarixdə Qarayev Nicat Maarif oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilib. N.Qarayev V.Əliyevin baldızının oğludur. 

O, 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək "Azfen” Birgə Müəssisəsinin "Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib. Bu müddət ərzində isə xalası oğlu (Vaqif Əliyevin oğlu-red.) Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu "Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən (Quliyev Elçin-110 min manat, Seyidov Taleh-303.500 manat, Nağıyev Vasif- 21.000 manat, Həsənzadə Rüfət-113.000 manat, Sadıqov Elgün- 40.000 manat-red.) külli miqdarda pul alıb. 

Hazırda yalnız adları qeyd olunan şəxslərə qarşı etdiyi əmələ görə Nicat Qarayevə ittiham elan edilsə də, iş üzrə Eyvazov Raman Əlikram oğluna 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq etdiyinə görə adları qeyd olunan şəxslər də iş üzrə zərərçəkmiş şəxslər qismində tanınıb. Nicat Qarayev bu əməlləri ilə zərərçəkmiş şəxslərə ümumilikdə 3.806.820 manat maddi ziyan vurub: "Qeyd olunan cinayət işi 22.07.2019-cu il tarixdə Əliyev Orxan Vaqif oğlunun şikayət ərizəsi əsasında başlanıb. Maraqlı burasıdır ki, N.Qarayev tərəfindən xalası oğlu O.Əliyevə, onun şirkətinə qarşı hər hansı dələduzluq hərəkətləri edilməyib, ərizəçi Orxan Əliyev vurulmuş ziyan barədə heç nə göstərməyib, yalnız Nicat Qarayevin dələduzluq əməlləri barəsində məlumat verib. Burdan da belə qənaətə gəlmək olur ki, Orxan Əliyev və atası Vaqif Əliyev qabaqcadan özlərini sığortalamaq məqsədilə bu cür ərizə ilə müraciət ediblər.
Üzləşdirmə istintaq hərəkəti zamanı Nicat Qarayev özünü dələduz kimi deyil, kimlərinsə səhv hərəkətlərindən ziyan çəkmiş şəxs kimi aparıb, hər dəfə özünü müdafiə etməyə çalışsa da, son anda səmimi ifadə verməkdən yayınıb. Belə ki, verilmiş rəqəmləri hər dəfə dəqiq xatırlayan Nicat Qarayev üzləşdirmə zamanı uydurma rəqəmlər deyərək, həmçinin həmin rəqəmləri azaldaraq guya pulların özü tərəfindən mənimsənildiyini bildirib, guya pulları zərərçəkmişlərə dediyi fəaliyyət istiqamətlərinə deyil, öz biznesi üçün xərclədiyini qeyd edib.
Ümumiyyətlə, üzləşdirmə zamanı özünü "Azfen” şirkəti ilə bağlı qeyri-səmimi aparıb, özünü müdafiə etməyə çalışmayıb. Bununla bağlı verilən suallardan yayınmağa çalışıb, ifadənin əvvəli ilə sonunda ziddiyyət yaranıb. Bütün bunlar isə bir daha bizim bütün proseslərin başında Vaqif Əliyev və oğlu Orxan Əliyevin dayanması ilə iddialarımızın doğru olduğunu deməyə əsas verir”. 
 
 
İcmal.Az

RƏYLƏR