Xırdalandakı Elburusun “Şərab Evi”ndə işçilərin əməyi quldarcasına istismar olunur – ŞİKAYƏT

OXUNUB: 418 Özəl GÜNDƏM İQTİSADİYYAT

Tovuz rayonunda ta burada yaşamış almanlardan miras qalma şərabçılıq ənənəsi mövcuddur və bu elin adamlarının təkcə Tovuzda deyil, Azərbaycanın və ümumiyyətlə dünyanın harasında olurlar-olsunlar, sözügedən fəaliyyət növü ilə məşğulluğa meylində təəccüblü heç nə yoxdur. Bu nöqteyi-nəzərdən, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən "Şərab Evi”nin sahibinin əslən Tovuz rayonunun Dondar quşçu kəndindən olan Nəbiyev Elburus adlı şəxs olduğunu öyrənəndə təbii qarşıladıq. Eynən necə ki qubalının alma, qəbələlinin qoz-fındıq, lənkəranlının limon, sabirabadlının qarpız satması kimi. "Şərab Evi”ndə müxtəlif növ çaxırlar, spirtli içkilər, o cümlədən, hazırda dəbdə olan "Mamedov” araqları istehsal olunur və satılır. Şərab şəriətdə haram buyurulsa da, indiki zamanda Azərbaycan kimi çoxmillətli, çoxkonfessiyalı dövlətdə bu məsələyə dini prizmadan yanaşmaq məqsədəuyğun deyildir. Amma bu yazıda harama bir də əlavə haram qatılmasından söhbət gedəcək.

Redaksiyamıza verilən məlumatlarda bildirilir ki, Elburusun müəssisəsində insanların əməyi quldarcasına istismar olunur. İşçilər 8 saat işləməli olduqları halda, 12 saat çalışmağa məcbur edilirlər. İşə qəbul olunanlar uzun müddətli götürülmür. Heç biri ilə də rəsmi əmək müqaviləsi bağlanılmır. Əksəriyyəti günəmuzd işçilərdir.

Burda baş verən özbaşınalıqlarla, qanunsuzluqlarla üzləşən və hələ ki adının açıqlanmasını istəməyən vətəndaş bildirir ki, "Şərab Evi”nə işçı tələb olunduğunu öyrənib, o da işləmək üçün sexə getməli olub. Ona bildiriblər ki, sexin cəmi 1 aylıq (qarşıdan gələn Yeni İl bayramı ilə bağlı) işçiyə ehtiyacları var. Dəvət olunan işçilər yalnız 1 ay müddətinə işə götürülürlər, aylıq əmək haqları 500 (beş yüz) manat, iş gününün uzunluğu 12 saat, iş həftəsi isə 5 gündür. Ancaq işçinin işə götürülməsi heç bir müqavilə ilə təsdiqlənmir. İddia olunur ki, onlar bir aylıq iş adıyla götürdükləri işçiləri gecə – gündüz işlədirlər. Bir gecədə üç günün planını doldururlar. Belə desək, işçiləri qul kimi istismar edirlər.

Məlumatda həmçinin qeyd olunur ki, bütün bu istismarçı işlərin başında duranlar Etibar və Fərid adlı sex rəisidir. Onlar insanları aldadıb işə götürürlər, bir neçə gün istismar edir, öz işlərini səhmana saldıqdan sonra işdən çıxardırlar. Fəridlə Etibar  işçilər arasında öz mülahizələrinə uyğun seçim də edirlər. Məsələn, gözlərinə yaxşı dəyən, cəlbedici xanım işçilərə "gözün üstə qaşın var” demirlər. Onları işdən uzaq tutur, bir küncə çəkib "fərdi” söhbət aparırlar. Kimlər ki zəhmətkeşdirlər, gün keçirtmək üçün yox, işləmək üçün gəliblər, onları başqalarının da yerinə işlədirlər. Gəlib olnara deyirlər ki, "cəld olun, 12 palet məhsul verməlisiniz”. Hansı ki, xətdə 12 nəfər olur və 12 palet də məhsul verməlidir. Digərləri bəzəkli-düzəkli, dırnaqları laklı gəlir, otaqlarda günlərini keçirib gedirlər.

Koronavirus şadlıq evlərində, restoranlarda toy-büsat məclislərini məhdudlaşdırsa da, bu dəfəki Yeni İl şənlikləri cəbhədə qazanılmış Qələbə səbəbindən möhtəşəm keçiriləcək. Ən azı evlərdə, məhrəm məclislərdə müzəffər əsgərlərimizin şərəfinə tostlar deyiləcək, qədəhlər cingildəyəcək. Ona görə də Elburus bəy dekabr ayı boyunca Yeni il planının doldurmaq fikrindən daşınmayacaq. Odur ki, əmək kollektivlərində əmək və vergi qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək vəzifəsi daşıyan aidiyyati qurumlar sözügedən "Şərab Evi”ndə baş verənləri yoxlamağı ləngitməməli, tezliklə müfəttişlərini göndərməlidirlər. Ünvanı yazmışıq, şayəd yenə nabələdlik eləsələr, müşayiət edib birgə reydə qatıla bilərik./RealMedia







RƏYLƏR