Yaponiyanın Azərbaycandakı səfiri Gəncədə rəsmi səfərdədir-FOTO

OXUNUB: 987 SOSİAL
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub. 7NEWS.az-ın bölgə müxbirinin berdiyi məlumata əsasən   Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncənin sənaye, mədəniyyət,idman və digər sahələri barədə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkədə  dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə "Nizami ili” elan edilib. Bu isə Nizami yurdu kimi tanınan qədim Gəncə üçün böyük əhəmiyyət kəsb edir. 
Niyazi Bayramov həmçinin, qonağın nəzərinə çatdırıb ki, Gəncə Azərbaycanın ikinci  böyük sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı,Gəncə Avtomobil Zavodu, "AzərAlüminium” MMC, "Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir.
Niyazi Bayramov onu da bildirib ki, Vətən müharibəsi zamanı cəbhə xəttindən aralıda yerləşən Gəncə Ermənistan silahlı qüvvəlləri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 26 dinc sakin həlak olub, 120-dən çox şəxs ağır xəsarət alıb, yaşayış binalarına, infrastruktur obyektlərinə, tarixi və dini abidələrə, təhsil və səhiyyə ocaqlarına ciddi ziyan dəyib.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada görüşdən böyük məmnunluq hissi duyduğunu qeyd edib. O, regionlara ilk rəsmi səfərinin Gəncədən başladığını söyləyib. Səfir müharibə zamanı  baş verən hadisələrdən məyus olduğunu dilə gətirərək mülki əhaliyə  yönələn terror aktlarını pisləyib. Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi hər iki ölkə arasında iqtisadi, sosial, idman, mədəniyyət və digər sahələrdə mövcud olan əlaqələrin genişləndirilməsidir.  Cuniçi Vada xatırladıb ki, Yaponiya höküməti Azərbaycanda təhsil, səhiyyə və idman sahələrinin inkişafına yönələn iki yüzdən çox kiçik qrant layihələr  icra edib ki, onlardan da 10-a yaxını Gəncənin payına düşür. Səfir bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.  Görüşdə Yaponiyanın Gəncədə icra etməyi düşündüyü layihələr ətrafında müzakirələr aparılıb. Bunlardan ən önəmlisi məişət tullantılarının emal edilərək alternativ enerji əldə edilməsi istiqamətində görüləcək işlərlə bağlı olub. Həmçinin, Niyazi Bayramov Gəncənin Yaponiyanın sənaye şəhərlərindən bir ilə qardaşlıq əlaqələrinin qurulmasını təklif edib.Bu fikri müsbət qarşılayan Cuniçi Vada  Yaponiya və Azərbaycan arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə 2022-ci ilin "Dostluq İli” elan edildiyini bildirib.  "Dostluq İli” çərivəsində Gəncədə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdən sonra Yaponiya səfiri Cuniçi Vada Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olub.  Gün ərzində səfir Gəncənin bir sıra idman və mədəniyyət ocalqarında da olacaq.
 






RƏYLƏR