2024-cü ilin 5 ayında qeyri-sabit hava şəraiti ilə əlaqədar Aqrar Sığorta Fonduna 800-dən çox müraciət daxil olub

OXUNUB: 586 Özəl İQTİSADİYYAT
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna müraciətlər davam edir. 
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin 5 ayında aqrar sahəyə dəyən zərərlər üzrə fonda müraciətlərin sayı 800-ü keçib. Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb. 
Daxil olan müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir.
Ümumilikdə fermerlər tərəfindən müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı və s. rayonlar aiddir. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu. 
Əkin sahəsinə zərərlə bağlı müraciətlər Fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır. 
Ötən il ümumi müraciətlərin 80 faizi taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il isə müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki növü üzrə sığorta təminatı verilir.
Fermerlərin təsərrüfatlara dəyən zərər barədə Fondun 1651 Çağrı mərkəzinə ən qısa müddətdə məlumat verməyi tövsiyyə olunur. Aqrar sığorta qaydalarına əsasən təsərrüfat sahibləri əkin sahələrinə dəyən zərərlə bağlı 10 gün ərzində Aqrar Sığorta Fonduna məlumat verməlidirlər. 
Qaydalara əsasən, müraciət daxil olduqdan sonra həmin ərazilərə müstəqil aqrar sığorta ekspertləri təyin edilir, ekspertlər bölgəyə gedərək hadisəni qeydə alır və zərəri ilkin olaraq hesablayırlar. Biçin və məhsul yığımı ərəfəsində aparılacaq yekun qiymətləndirmədə əkin sahəsinə dəyən zərər təkrar dəyərləndirilir, müvafiq sənədlər toplandıqdan sonra yekun rəy əsasında fermerə sığorta ödənişinin verilməsi barədə qərar qəbul edilir.

RƏYLƏR