ABB bankomatında baş verdiyi bildirilən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, bankın müştərilərindən biri bankomat vasitəsilə hesabından nağd pul çıxarmaq istəyərkən gözlənilməz problemlə üzləşib. Müştərinin sözlərinə görə, əməliyyat zamanı bankomat qəfil sönüb və yenidən yanıb. Nəticədə çıxarılması nəzərdə tutulan pul bankomatın daxilində qalıb və müştəri vəsaiti götürə bilməyib.
Müştəri məsələ ilə bağlı banka müraciət etsə də, iddiaya görə, problemin həlli üçün dərhal texniki əməkdaş göndərilməyib. Əvəzində ona bankomatın yanında gözləməsi və cihazın yenidən işləməsi halında pulun çıxacağı təqdirdə götürməsi bildirilib.
Hadisənin ən maraqlı tərəfi isə bundan sonra ortaya çıxıb. Sözügedən paylaşımın şərh bölməsində bir sıra şəxslər oxşar problemlə qarşılaşdıqlarını yazıblar. Bəzi istifadəçilər bankomatda pulun qaldığını, lakin sonradan vəsaitin onlara qaytarılmadığını iddia ediblər.
Təbii ki, bu cür hallar müştərilər üçün ciddi narahatlıq yaradır. Söhbət sadəcə texniki nasazlıqdan deyil, bankomat tərəfindən qəbul edilmiş və ya çıxarılması zamanı cihazda qalmış vəsaitin taleyindən gedir. Müştəri üçün əsas sual isə belə vəziyyətdə pulunun necə və nə vaxt geri qaytarılacağıdır.
Bankomatda əməliyyat zamanı texniki problem yarandıqda sistemdə əməliyyatın qeydə alınıb-alınmaması, pulun cihazın daxilində qalıb-qalmaması və vəsaitin sonradan müştərinin hesabına qaytarılması xüsusi araşdırma tələb edir.
Məsələnin digər tərəfi isə müştəri xidmətinin belə hallara reaksiyasıdır. Bankomatda pulunun qaldığını bildirən şəxs üçün "bankomatın yanında gözləyin” cavabı təbii olaraq əlavə suallar yarada bilər. Xüsusilə də eyni bankın digər müştərilərinin də oxşar problemlə üzləşdiklərini bildirməsi məsələnin aydınlaşdırılmasının vacibliyini artırır.
Müştərilər belə hallarda bankdan ilk növbədə əməliyyatın rəsmi şəkildə qeydə alınmasını, müraciətə qeydiyyat nömrəsi verilməsini və vəsaitin geri qaytarılması ilə bağlı konkret prosedur və müddət barədə məlumatlandırılmağı gözləyirlər.
Hazırda sözügedən konkret hadisə üzrə ABB-nin mövqeyi məlum deyil. Bankın açıqlaması olacağı təqdirdə, müştərinin vəsaitinin bankomatda hansı səbəbdən qaldığı, əməliyyatın sistemdə necə qeydə alındığı və pulun geri qaytarılması üçün hansı tədbirlərin görüldüyü də aydınlaşa bilər.
7NEWS.AZ olaraq məsələni diqqətdə saxlayırıq.
























