Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

OXUNUB: 225 Özəl İQTİSADİYYAT
Aqrar Sığorta Fondu son günlər hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin artması ilə əlaqədar olaraq sığortalı fermerlərə müraciət edib. 
Müraciətdə əkinlərini və təsərrüfatlarını sığorta etdirmiş fermerlərdən təbiət hadisələrinin təsərrüfatlara vurduğu zərər barədə operativ şəkildə Aqrar Sığorta Fonduna məlumat vermək xahiş olunur.
Sığorta müqavilələrinə əsasən, fermer hadisə baş verdikdən keçən 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməlidir. 
Təsərrüfatlara zərər dəyməsi barədə müraciətlərin vaxtında edilməsi dəymiş zərərin qısa zamanda və dəqiq dəyərləndirilməsinə imkan verir, həmçinin hadisələrin araşdırılması və ödənişlərin həyata keçirilməsi prosesini sadələşdirir. 
Xatırladaq ki, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti, kəskin temperatur dəyişikliyi, bəzi ərazilərdə dolu və qar yağıntısı fermer təsərrüfatlarına zərər vurub. 
Mayın 4-dən başlayaraq Fondun Çağrı mərkəzinə 10 rayon üzrə 30 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba, Qusar, Xaçmaz, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib və arpa, buğda, pambıq əkinləri, alça və gilas bağlarını əhatə edir. 
Hazırda fermerlərin müraciətlərinə əsasən hadisədən zərər çəkən təsərrüfatlara aqrar sığorta ekspertləri ezam edilir. Aqrar sığorta ekspertləri sığortalanmış təsərrüfatlara dəyən zərəri müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə həyata keçirəcəklər.

RƏYLƏR