2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin tabeli qurumu "Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən biçin prosesinə hazırlıqla bağlı taxılyığan kombaynlarla təminat, bağçılıqda istifadə edilən kiçik ölçülü texnikaların istifadə imkanları və digər məsələlərlə bağlı olub.
Sədr müavin hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daha sonra İlyas Həsənov rayonun Muxaq kəndində fermer Abdulla Mahmudovun toxumçuluq təsərrüfatına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə tanış olub. Sədr müavini həmçinin fermer Vidadi Yusubovun tütün və meyvə qurutma kameralarına baxış keçirib, tütün şitili istixanası və çiyələk təsərrüfatı ilə tanış olub. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.