Avropa bankı Azərbaycan layihələrinə maliyyə dəstəyini artırıb

OXUNUB: 687 İQTİSADİYYAT

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda dövlət və özəl sektora aid layihələrin gerçəkləşdirilməsi üçün 2017-ci ildə ümumilikdə 456 milyon avro kreditin ayrılmasını təsdiqləyib.  

İcmal.Az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan” məlumat yayıb.

"2017-ci ildə AYİB Azərbaycanda dövlət və özəl sektora aid doqquz layihənin gerçəkləşdirilməsi məqsədilə 456 milyon avro kredit ayırıb”, - deyə bankın açıqlamasında qeyd olunur.

2016-cı ildə AYİB Azərbaycanda doqquz layihəni maliyyələşdirərək, onlara 63 milyon avro ayırmışdı. Beləcə, 2017-ci ildə ayrılan kreditlərin həcmi 7.2 faiz artıb.

2017-ci ildə kreditləşmənin həcminin artması AYİB tərəfindən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin maliyyələşdirilməsinə 500 milyon dollar məbləğində kreditin ayrılması ilə əldaqədardır.

31 dekabr 2017-ci il tarixinə bankın Azərbaycanda 50 layihə üzrə cari portfeli 1 mlrd. 176 mln. avro məbləğində qiymətləndirilir. Bu vəsaitlərin 61%-i energetika, 29%-i infrastruktur, 6%-i maliyyə, 4%-i istehsala ayrılıb.

Azərbaycan 1992-ci ildən bəri AYİB üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda 165 layihənin maliyyələşdirilməsinə 2.817 milyard avrodan çox vəsait ayırıb.

İcmal.Az

RƏYLƏR