Azərbaycan mövcud şəraitdə ən doğru addımı atdı və liberal iqtisadiyyata keçidi mərhələli şəkildə apardı - TƏHLİL

OXUNUB: 228 index-manşet İQTİSADİYYAT

İqtisadiyyatın liberallaşması klassik anlamda onu ehtiva edir ki, bazar və bazar iştirakçıları tam anlamıyla sərbəst buraxılsın və bu yolla formalaşan münasibətlər vasitəsiylə bazar özü-özünü tənzimləsin. Bu liberallaşma prosesində bazar iştirakçılarının dövlət qarşısında yeganə öhdəliyi vergiləri vaxtlı-vaxtında ödəmələridir. Bundan başqa dövlət heç bir halda bazara inzibati formada müdaxilə etmir. Dövlətin bazara müdaxiləsi yalnız bir halda baş verir ki, dövlət özü də bazar münasibətlərinin bərabərhüquqlu iştirakçısına çevrilsin. Bazar iştirakçıları arasında olan mübahisələr mövcud olan hüquqi-normativ qaydalara əsasən məhkəmələr tərəfindən həll edilir ki, onlar da müstəqil olduqları üçün dövlətin bu mənada da, müdaxiləsinə ehtiyac yaranmır. Dövlət özü də bazara yalnız məhkəmə yolu ilə müdaxilə edə bilir.

Dövlətdan asılı olmayan bazarda fəaliyyət göstərən sahibkarlar sinifi təbii ki, cəmiyyətin də liberallaşmasını təmin edəcək və klassik anlamda demokratik dövlətin formalaşdırılmasını təmin edəcəklər.

Yəni, dövlət bu halda cəmiyyətin öz ehtiyaclarının ödənilməsi və təhlükəsizliyinin təmin olunması üçün yaratdığı institut kimi çıxış edəcək. Belə olan halda vətəndaş cəmiyyəti dövlətdən daha üstün mövqedə dayanacaq və liberal azadlıqların təmin olunması adiləşəcək.

Ancaq bu klassik düstur ideal geosiyasi şəraitdə mümkündür və bu düsturun uğurlu nəticə əldə etməsini şərtləndirən ilkin amil həmin dövlətin qlobal və regional iqtisadi şəbəkənin kənarında olmasıdır. Ancaq təbii ki, bu mümkün deyil. Hər bir dövlət, eyni zamanda qlobal iqtisadi sistemin bir üzvüdür və dünyadaki mövcud olan iqtisadi zəncirin bir həlqəsini formalaşdırırlar. Bundan əlavə, qloballaşma şəraitində investisiyaların mövcud olduqları dövlətlərin sərhədlərini aşması, iqtisadi liberallığın və investisiya bazarında mövcud olan azadlığın güclü maliyyə ehtiyatlarına malik olan ölkənin özündən zəif olan dövləti iqtisadi təzyiq yoluyla özündən asılı vəziyyətə gətirməsinə yol açır. Yəni, vətəndaşların rifahı üçün tətbiq olunan liberal bazar iqtisadiyyatı bu dəfə dövlətin suverenliyinə qarşı təhıükə yarada bildiyi üçün dövlət məcburən iqtisadi siyasətə müdaxilə etməli olur. Belə misalları konkret dövlətin yerləşdiyi regiona üzrə gətirmək olar və bu və ya digər dövlətin iqtisadiyyatının liberallaşmasına maneə yaradan obyektiv və subyektiv səbəbləri sadalamaq mümkündür. Konkret olaraq onu bildirmək lazımdır ki, ölkələrin iqtisadiyyatının tez yaxud gec liberallaşması, yaxud ümumiyyətlə bazar iqtisadiyyatının formalaşması onların ilkin start nöqtəsindəki mövcud olan şəraitindən asılıdır. Şərait dedikdə, resurslar, yəni cəmiyyət və cəmiyyətin fərdlərin azad bazar münasibətlərinə hazır olması, dövlət və dövlətin idarəetmə aparatına məsul bürokratik sistemin yeni şəraitlə uyğunlaşma istəyi və nəhayət regional və qlobal güc mərkəzlərinin maraqları nəzərdə tutulur.

Dövlətləri qruplaşdırarkən müxtəlif iqtisadi göstəricilər və siyasi quruluşlar nəzərə alınmaqla bölgü aparılır. İqtisadi cəhətdən inkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətləri qruplaşdırmaqla bir birindən ayrırlar. Adətən post-sovet məkanının dövlətləri bir çox hallarda eyni qrupda ələ alınaraq təhlil edilir. Bu yanaşma bir çox hallarda özünü doğrultsa da, dövlətlər və cəmiyyətlər üçün yalnız özünə xas olan unikal xüsusiyyətlərin olması hər bir dövlətin iqtisadi inkişaf göstəricilərinin ayrıca təhlil olunmasını ehtiva edir.

Məsələyə konkret Azərbaycan nümunəsində yanaşaq və ölkəmizin bazar iqtisadiyyatı yolunu tutmasına baxmayaraq nəyə görə hələ də liberal iqtisadiyyatının tam formalaşmadığını təhlil edək.

Yuxarıda da qeyd olunduğu kimi, dövlətlər yerləşdiyi coğrafi məkandakı maraqları, həmçinin qlobal anlamda gedən geosiyasi prosesləri nəzərə almaqla özünün həm iqtisadi, həm də siyasi prioritetlərini müəyyən etməlidirlər. Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk illərini götürsək həmin dövr üçün ümumiyyətlə sağlam bazarın formalaşdırılması texniki olaraq mümkün deyildi. Çünki, keçmiş iqtisadi münasibətlər pozulmuş, yenisi yaradılmamış və sahibkarlar təbəqəsi də ümumiyyətlə formalaşmamışdı. İctimai şüur belə liberal iqtisadiyyatı qavramaq səviyyəsində deyildi.

Belə bir dövrdə liberal iqtisadiyyat adıyla dövlətin bazar münasibətlərini başlı başına buraxması ilk növbədə iqtisadi dəyər kəsb odən obyektlərin, əsasən neft sənayesi obyektlərinin ucuz qiymətə xarici dövlətlərə satılması və nəticədə ölkənin bütünlükdə xarici ölkələrin iqtisadi ekspansiyasına düşməsi anlamına gəlirdi.

Məsələn erkən müstəqillik illərində Rusiya liberal bazar yaratmaq adıyla bir çox neft və digər əsas sənaye müəssisələrini dövlət borcunu qapadmaq məqsədi ilə ucuz qiymətə satdı. Lakin bu tədbirlər dövləti iflasdan xilas etmədi. Nəticədə dövlətin iqtisadiyyatı çökməklə yanaşı əsas gəlir mənbələri hesab olunan müəssisələri də bir dəstə kapitalının mənbəyi məlum olmayan oliqarxların əlinə keçdi. Növbəti mərhələdə siyasi hakimiyyət iqtisadi cəhətdən asılı vəziyyətə düşdüyü oliqarxlarla hesablaşmalı oldu. Sonrakı mərhələdə Valdimir Putinin hakimiyyətə gəlişi ilə müəyyən müəssisələr geri qaytarılsa da, bu proseslər Rusiya iqtisadiyyatının mərhələli liberallaşma prosesini ləngitdi.

Digər nümunə kimi, Ermənistanı gətirə bilərik. Total liberallaşma və bazar iqtisadiyyatı yolunu tutduğunu bəyan edən Ermənistanın demək olar bütün iqtisadiyyatı Rusiyanın sərəncamına keçdi. Ermənistanda dəmir yolundan tutmuş, elektrik şəbəkəsinə qədər, qaz xətlərindən tutmuş sənayə müəssisələrinə qədər bütün iqtisadi dəyər təşkil edən müəssisələri Rusiyanın dövlət nəzarətində olan şirkətlər tərəfindən alınıb. Ermənistan hər nə qədər şəffaf bazar iqtisadiyyatına keçmək istəsə belə bu dövlətin nə zamansa suveren siyasət yürüdəcəyini demək olmaz.

Azərbaycan mövcud şəraitdə ən doğru addımı atdı və liberal iqtisadiyyata keçidi mərhələli şəkildə apardı. Çünki 2000-ci illərin əvvəllərindən Azərbaycanda iqtisadi islahatların daha sürətli aparılmasına şərait yaransa da, Rusiyanın post-sovet məkanına münasibətdə siyasətinin sətləşməsi buna imkan vermədi. Həmin dövrdə iqtisadiyyatın sürətli liberallaşması Rusiya tərəfindən dövlətin qərbləşməsi kimi qavranılırdı və belə olan halda bu respublika Moskvanın hərbi müdaxiləsi ilə üzləşəcəkdi. 2008-ci il Gürcüstana qarşı hərbi müdaxilə, 2014-cü il Ukrayna hadisələri buna bariz misaldır. Həm də, sürətli liberallaşma dərhal Rusiya investisiyasının Azərbaycana axını və ölkə iqtisadiyyatının Rusiyanın təsirinə düşməsi anlamına gəlirdi. Azərbaycanın önündə isə Qarabağ probleminin həlli və Rusiyanın iqtisadi təsirindən çıxma kimi mühüm vəzifə dayanırdı. Buna görə dövlət şirkətlərində bəzən şəffav, bəzi hallarda isə tam da şəffav olmayan maliyyə resursları toplanmalı idi ki, Azərbaycanın Qərbə çıxışını təmin edən Türkiyə və Gürcüstanda kapital qoyuluşu həyata keçirsin ki, iqtisadi anlamda bu ölkələri özünə bağlasın. İlk növbədə Gürcüstanın Azərbaycanda iqtisadi asılılığı Azərbaycanı Rusiyanın iqtisadi təsirindən çıxmasını təmin edirdi.

Qarabağ probleminin həlli, Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlərin formalaşması və Türkiyənin regiona daxil olaraq balanslaşdırıcı qüvvə rolunda çıxış etməsi ölkəmizə imkan verir ki, tam mənasıyla liberal iqtisadiyyata tam keçidi başa vursun. Bu prosesin son 5 il ərzində aparılan islahatlar nəticəsində daha da sürətləndiyini demək olar. Təbii ki, ilkin olaraq kölgə iqtisadiyyatının aradan çıxarılması, korrupsiyanın qarşısının alınması üzrə köklü islahatlar, məhkəmə-hüquq sisteminin şəffavlaşdırılması liberal iqtisadiyyatın təşəkkür tapmasında mühüm rol oynayan amillərdir. Bank-kredit siyasətinin yenidən formalaşdırılması, bu sahədə dərin islahatların aparılması, bankların məcburi şəffavlaşdırmaya getmələri, kreditlərin milli valyuta ilə verilməsi də aparılan islahat proseslərinin bir hissəsidir. Bazar iqtisadiyyatına tam keçidin ilkin müsbət nəticələri qeyri-neft sektorunda nəzərəçarpacaq rəqəmlərlə özünü biruzə versə də, bunu hələ ki, prosesin başlanğıcı hesab etmək olar. Bu gedişlə güman etmək olar ki, 2030-cu ilə qədər Azərbaycan liberal iqtisadiyyata keçidi tam təmin edəcək və bazar dövlətin dəstəyi olmadan tam olaraq özü-özünü tənzimləyə biləcək.

 

Tofiq Vahid

 

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.12

 

RƏYLƏR