Azərbaycanda fəaliyyət göstərən Danimarkaya məxsus neft şirkətindən şikayət – “Xəsarət almışam, qarşı tərəf isə aylığı düzgün ödəmir...”

OXUNUB: 72 İQTİSADİYYAT
Azərbaycanda fəaliyyət göstərən Danimarkaya məxsus neft şirkəti "Maersk Dri̇lli̇ng Services” MMC Sərvər Kərimov adlı əməkdaşının əlilliklə bağlı aylıq ödənişini düzgün ödəmir. 

 

Bu barədə Pravda.az-a S.Kərimov özü məlumat verib. 

 

O iddia edir ki, şirkətlə bağlı məhkəmə iddiası qaldırsa da, hakimin maraqları çərçivəsində işə xitam verilib: "Sözügedən şirkətdə çalışmışam, lakin sonradan xəsarət aldım. Bununla bağlı şirkət mənə aylıq ödənişi düzgün ödəmədiyi üçün məhkəmə iddiası qaldırdım. Ölkənin məhkəmə sistemində çıxan hər qətnamə və qərar dövlətin adından çıxır. Dövlət adından 2019-cu ildə çıxarılmış qətnaməni Nəsimi Rayon Məhkəməsinin icra məmuru düzgün icra etməyib. Biz də yenidən Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərova müraciət etmişik. Hakim də qətnamə qəbul edib ki, aylıq ödənişin gecikdirilməsi ilə bağlı "Maersk Dri̇lli̇ng Services” MMC hər gecikdirilmiş günə 2% cərimə ödəməlidir. Müstəqil ekspert məndə olan sənədlərlə bağlı rəy verir, rəqəm çıxarır. Rəqəmi açıqlamaq istəmirəm, çox böyük rəqəmdir. Həmin rəqəmin 30%-i müəssisə tərəfindən 2010-cu ildə verilmiş sənədlər üzərində hesablanıb. Lakin sonradan yeni sənədləri müəssisə təqdim etmədi. Buna görə də sənədləri müstəqil ekspertə təqdim etmişik. Ekspert rəyi əsasında Nəsimi Rayon Məhkəməsində iddia qaldırdıq. Hakim Səməd Cəfərov isə 8 aydan sonra işə xitam verir. Xitamla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Lakin Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayır. Burada hakimlə şirkət arasında qarşılıqlı anlaşma olub. Bununla bağlı yetərincə məndə məlumatlar var. Birinci dəfə deyil, "Maersk Dri̇lli̇ng Services” MMC mənim hüquqlarımı uzun müddətdir, pozur. Təsəvvür edin, Nəsimi Rayon Məhkəməsi 8 ay bu işi özündə saxlayıb. Hakim işi əvvəlcə qəbul edir, məhkəmə ekspertizasına göndərir, məhkəmə ekpsertizası hakim Səməd Cəfərovdan tələb edir ki, möhtərəm hakim, qarşımıza qoyduğunuz suallara cavab tapmaq üçün müəssisə mühasibatlıq sənədlərini təqdim etməlidir. Çox təəssüf ki, hakimi məhkəmə ekspertiza üçün qəbul etdiyi qərara məhəl qoymadan, ekspertizanın tələbini yerinə yetirmədən açıq-aşkar işə xitam verdi. Apellyasiya Məhkəməsi isə deyir ki, hakim düzgün qərar verib. Bəs mən Ədliyyə Nazirliyi tərəfindən lisenziya verilən müstəqil ekspertiza mərkəzindən rəy alıram, məlum olur ki, müəssisə düzgün hesabat aparmayıb, mənə xeyli məbləğdə pul borcludur. Səməd Cəfərovun 8 ay işi yubatmaqda ya bizdən, ya qarşı tərəfdən hansı maraqları var idi, bilmirəm. Bizimlə bağlı maraqları oldu, amma biz buna getmədik, məhəl qoymadıq. Dedim ki, məndən nəsə istəməyin qeyri-qanuni bir şeydir. Görünür, açıq şəkildə müəssisədən istədiklərini aldılar, yəqin, maraqları üst-üstə düşdü. Beləliklə, işə xitam verildi. Soruşmaq lazımdır ki, işi icraata niyə götürmüşdün? 8 ay sonra niyə xitam verirsən? Bakı Apellyasiya Məhkəməsində ümumiyyətlə baxış olmadı, bizi çağırmadılar da. İndi isə Ali Məhkəməyə şikayət vermişik. Nəticəsi isə hələ bilinmir, görək nə olacaq...”

 

Məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinin də mövqeyini öyrənməyə çalışdıq.

 

Məhkəmədən saytımıza verilən açıqlamanı olduğu kimi təqdim edirik: "Qeyd olunan mülki iş üzrə Məhkəmənin e-2(006)-3226/2022 saylı, 28.07.2022-ci il tarixli qərardad ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Daha sonra Məhkəmə Ekspertizası Mərkəzindən cavabdeh "Maersk Drilling Services” MMC tərəfindən iş üzrə eskpertiza üçün zəruri olan müəyyən sənədlərin tələb edilməsi barədə məhkəməyə ekspert vəsatəti daxil olmuş, lakin cavabdeh şirkət tərəfindən tələb olunan sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı hər hansı tədbir görülmədiyindən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi verilməsindən imtina məktubu üzrə mülki işin icraatı 06.02.2023-cü il tarixdə təzələnmişdir.

 

Məhkəmənin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Kərimov Sərvər Kərim oğlunun cavabdeh "MAERSK DRİLLİNG A/S" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı "zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

 

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.03.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

 

Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

 

Daha sonra iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3428/2023 saylı 10 may 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair iddiaçı Kərimov Sərvər Kərim oğlu tərəfindən verilmiş ərizə təmin olunmaması və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır”.

RƏYLƏR