Azərbaycanı Polşada tanıdan bəşəri dəyərlər

OXUNUB: 14 SOSİAL
Azərbaycanı tanıtmaq yalnız onun tarixindən, coğrafiyasından, görkəmli şəxsiyyətlərindən danışmaq deyil, eyni zamanda, xalqımızın ailə dəyərlərini, adət-ənənələrini, qonaqpərvərliyini, milli kimliyini yaşadan insanları dünyaya təqdim etməkdir. Polşanın çoxdilli internet radiostansiyası IMI Radio-da etdiyim çıxış zamanı da əsas məqsədim Azərbaycanı məhz bu müxtəlif tərəflərdən tanıtmaq, iki xalq arasında olan tarixi və mədəni bağlara diqqət çəkmək idi.

Mən 2019-cu ildən Azərbaycandan kənarda yaşayıram. Hazırda Polşada VİZJA Universitetində informatika ixtisası üzrə təhsil alır, eyni zamanda, Polşa Azərbaycanlıları Şurasının Varşava üzrə koordinatoru kimi fəaliyyət göstərirəm.

Azərbaycan–Polşa münasibətləri yalnız müasir dövrlə məhdudlaşmır. Bu əlaqələrin tarixini XV əsrə, Ağqoyunlu hökmdarı Uzun Həsənlə Polşa kralı Kazimir Yaqellonçikin dövrünə qədər aparmaq mümkündür. Sonrakı əsrlərdə də iki xalqın yolları müxtəlif sahələrdə kəsişib.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının neft sənayesi hesabına sürətlə inkişaf etdiyi dövrdə şəhərə gələn mütəxəssislər arasında polyaklar da olub. İosif Qoslavski, İosif Ploşko, Yevgeni Skibinski və Kazimir Skureviç kimi polyak memarlar Bakının memarlıq simasının formalaşmasına mühüm töhfələr veriblər. Bakı Şəhər İcra Hakimiyyətinin binası, Tağıyev sarayı, Qızlar məktəbi və Səadət sarayı bu tarixi irsin diqqətəlayiq nümunələrindəndir.

Azərbaycan–Polşa əlaqələrinin başqa bir mühüm səhifəsi isə Vəli bəy Yadigarovun həyat hekayəsidir. Polşa Ordusunda hərbi təhsil almış azərbaycanlı zabit 1939-cu ildə Almaniyanın Polşaya hücumu zamanı ölkənin müdafiəsində iştirak edib, daha sonra Polşa müqaviməti ilə bağlı fəaliyyətini davam etdirib. Bu gün Varşavada yaşayan bir azərbaycanlı kimi onun həyat hekayəsini xüsusi maraq və qürur hissi ilə xatırlayıram. Çünki bu, bir azərbaycanlının başqa bir ölkənin tarixində və azadlıq mübarizəsində iz qoymasının nümunəsidir.

Ədəbiyyat sahəsində də maraqlı tarixi bağlarımız mövcuddur. Azərbaycan ədəbiyyatının və mətbuatının görkəmli nümayəndəsi, "Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə nəslinin davamçılarından Martin Cavanşiri və oğlu Przemıslav Cavanşiri Polşada yaşayıblar. 2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubiley tədbirləri çərçivəsində onun Polşada yaşayan nəslinin nümayəndələrinin Azərbaycana səfər etmələri bu tarixi əlaqələri bir daha nümayiş etdirib.

Polşa Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 21 fevral 1992-ci ildə qurulub. Bu gün münasibətlərimizin əsasını yalnız diplomatik əlaqələr deyil, həm də xalqlarımız arasında qarşılıqlı hörmət, mədəni əməkdaşlıq və ortaq tarixi yaddaş təşkil edir.

Bir xalqı həqiqətən tanımaq üçün onun yalnız tarixinə deyil, gündəlik həyatına da nəzər salmaq lazımdır. Azərbaycan mədəniyyətinin mərkəzində ailə, böyüklərə hörmət və qonaqpərvərlik dayanır. Evə qonaq gələndə süfrə açmaq, çay dəmləmək, yaxınları bir araya toplamaq və qonağı rahat hiss etdirmək bizim üçün, sadəcə, adət deyil, həyat tərzidir.

Polşada yaşadığım müddətdə bu dəyərlərin müəyyən oxşarlıqlarını burada da müşahidə etmişəm. Xüsusilə bayram günlərində ailələrin bir araya gəlməsi, birlikdə yemək hazırlaması və vaxt keçirməsi xalqlarımız arasında mənəvi yaxınlığı göstərir.

Azərbaycanın Novruz bayramı ilə Polşanın yazın gəlişini simvolizə edən Marzanna ənənəsi arasında da maraqlı paralellər var. Novruzda qışın başa çatması, təbiətin oyanışı və yeni başlanğıc qeyd olunur. Polşada isə Marzanna mərasimi qışın yola salınmasını və yazın qarşılanmasını simvolizə edir. Eyni zamanda, Azərbaycan ailələrinin Novruz süfrəsi ilə Polşada Milad ərəfəsində qeyd olunan Wigilia ənənəsi arasında ailə birliyi baxımından oxşarlıqlar var.

Azərbaycan toyları da milli mədəniyyətimizin rəngarəng nümunələrindəndir. Elçilik, nişan, xınayaxdı və gəlin köçürmə kimi mərhələlər, musiqi, rəqs və zəngin süfrələr toylarımızı yalnız iki insanın deyil, iki ailənin bir araya gəldiyi böyük bir hadisəyə çevirir. Polşanın Wesele ənənəsində də ailə üzvlərinin və dostların bir araya gəlməsi, musiqi və rəqs mühüm yer tutur. Mərasimlərin formaları fərqli olsa da, hər iki mədəniyyətdə əsas məqsəd xoşbəxtliyi bölüşmək və yeni ailəyə xoş arzular bildirməkdir.

Mədəniyyətlər arasında körpü qurmaq üçün yalnız fərqləri deyil, ortaq dəyərləri də görmək lazımdır. Ailəyə bağlılıq, qonaqpərvərlik, böyüklərə hörmət, milli ənənələrin qorunması Azərbaycan və Polşa xalqlarını yaxınlaşdıran dəyərlərdəndir.

Xaricdə yaşamaq insana vətənini başqa gözlə görməyi öyrədir. Azərbaycanda gündəlik həyatımızın bir hissəsi olan ana dilimiz, milli musiqimiz, mətbəximiz və bayramlarımız ölkədən uzaqda daha fərqli məna qazanır. Bəzən ana dilində eşitdiyimiz bir cümlə, tanış bir musiqi və ya milli yeməyimizin qoxusu bizi vətənə bağlayan ən güclü xatirəyə çevrilir.

Polşa Azərbaycanlıları Şurasının Varşava üzrə koordinatoru kimi fəaliyyətimin əsas istiqamətlərindən biri burada yaşayan azərbaycanlılar arasında əlaqələri gücləndirmək, onları bir araya gətirən təşəbbüslərə dəstək vermək və Azərbaycan mədəniyyətinin Polşada daha yaxından tanıtmaqdır.

Mənim üçün diaspor fəaliyyəti yalnız tədbirlər təşkil etməkdən ibarət deyil, insanları dinləmək, onların hekayələrini anlamaq, həmvətənlərimiz arasında həmrəyliyi gücləndirmək və yaşadığımız cəmiyyətlə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir. Bəzən bir insanla səmimi söhbət etmək, ona Azərbaycan haqqında düzgün məlumat vermək və ya milli mədəniyyətimizi təqdim etmək belə ölkəmizin tanıdılması istiqamətində əhəmiyyətli addımdır.

Xaricdə yaşamaq insanın vətənlə bağlarını zəiflətməməli, əksinə, daha da gücləndirməlidir. İnsan yaşadığı ölkənin cəmiyyətinə hörmətlə yanaşaraq öz milli kimliyini, dilini və mədəniyyətini də qoruya bilər. Mən Polşada təhsil alır, işləyir və həyatımı qururam. Bununla yanaşı, azərbaycanlı kimliyim mənim üçün dəyişməz mənəvi dəyərdir.

Bu gün Varşavada yaşayan azərbaycanlı kimi düşünürəm ki, insanın vətəni yalnız yaşadığı coğrafiya ilə ölçülmür. Vətən insanın dilində, ailəsindən aldığı tərbiyədə, uşaqlıq xatirələrində və ürəyində daşıdığı dəyərlərdə yaşayır.

Arzum budur ki, Polşada yaşayan azərbaycanlılar özlərini yalnız ayrı-ayrı fərdlər kimi deyil, bir-birinə dəstək olan icmanın üzvləri kimi hiss etsinlər. Eyni zamanda, Azərbaycanımızın tarixi, mədəniyyəti, musiqisi, mətbəxi və adət-ənənələri Polşa cəmiyyətində daha yaxından tanınsın.

Tuncay NOVRUZZADƏ,
Polşa Azərbaycanlıları Şurasının Varşava əlaqələndiricisi

RƏYLƏR