Azərbaycanda həkimlər 100-dən çox vətəndaşı aldadıb — ŞOK TƏFƏRRÜAT

OXUNUB: 1053 Özəl Səhiyyə HADİSƏ

Rüşvət almaqda ittiham olunan Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında həkim işləmiş Hüsaməddin Alicanov, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında həkim işləmiş Fərid Məmmədov, Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında həkim-onkoloq işləmiş İlyas Səmədov, Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında həkim-onkoloq işləmiş Muştabə Dədəcanov, Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında xadimə işləmiş Səlimə Mirzəyeva, İsrafil Tağıyev və Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Əliyev 27 may 2006-cı il tarixdən 14 oktyabr 2017-ci il tarixədək Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən Lənkəran rayonlararası Onkoloji xəstəxanasında xadimə işləmiş, faktiki kompyuter mütəxəssisi funksiyasını həyata keçirmiş Səlimə Mirzəyev və sonuncunun vasitəsilə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Fərid Məmmədov və Hüsaməddin Alicanov, Masallı rayonu Xırmandalı kənd sakini İsrafil Tağıyev və Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini Musa Əliyev ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girib.


Onlar onkoloji xəstəlikdən əziyyət çəkməyən ayrı-ayrı şəxslərə həmin xəstəlikdən əziyyət çəkmələri və buna görə əlillik dərəcələrinin qiymətləndirilməsi və təqaüd təyin olunması üçün razılıq əldə ediblər.


Sələmə Mirzəyeva tərəfindən informasiya resurslarına tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilib. Saxta göndərişlərin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə göndərilməsindən ötrü Səlimə Mirzəyeva və Fərid Məmmədovun vasitəçiliyi ilə Əli Əliyev özü üçün dolayı yolla ayrı-ayrı şəxslərdən rüşvət alıblar.


Belə ki, onlar Ələkbər Nuriyevdan arvadı Mirvari Nuriyevaya xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayında 200 manat, Səfa Rəhmanovdan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin mart ayından iyun ayına kimi olan dövrdə hissə-hissə 1200 manat, Rəsmiyyə Əliyevadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin mart ayında 1100 manat, Arzu Abdullayevadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 300 manat, İbrahim Musayevdən arvadı Solmaz Musayevanın xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 800 manat, Zeynəb Qasımovadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2000 manat, Tofiq Hüseynovdan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 1000 manat, Təbrizə Abbasovadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 600 manat, Əbülfət Hüseynovdan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci may ayında 450 manat, Mükafat Nağıyevdən xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 350 manat, Siyasət Kərimovdan arvadı Şairə Kərimovanın xeyirlərinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 600 manat, Zaman  Cümşüdovdan arvadı Roza Cümşüdovanın xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2000 manat, Növrəstə İsmayılovadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyul ayında 1200 manat, Rədifə Nəsirovadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin avqust ayında 800 manat, Samir Əmirovdan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin avqust ayında 1000 manat, Kazım Canıyevdən arvadı Xəyalə Caniyevanın xeyrinə ediləcək hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 600 manat, Ramayıl Abdullayevdən arvadı Brilyant Abdullayeva xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında istədiyi 2000 manat puldan 1000 manat, Xavər Şahbazovadan xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 500 manat rüşvət alıblar.


Daha sonra Sələmə Mirzəyeva və Hüsaməddin Alicanovun vasitəçiliyi ilə Həsənov 65 nəfərdən onkolji xəstəlik adı ilə təqaüdə çıxaracaqları adı ilə külli miqdarda rüşvət alıblar.


Onlar ümulikdə 65 nəfərin guya onkoloji xəstə olmaları, onkoloji xəstəliklə bağlı müvafiq xəstəxanalarda qeydiyyatda olaraq müalicə almaları, onkoloji xəstəliyin mərhələləri barədə, əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyasının üzvlərinin adına olan elektron imzalar vasitəsilə Səlimə Mirzəyeva tərəfindən Lənkəran Rayonlararası Onkoloji xəstəxanasında arxiv otağında yerləşən kompyuterdə daxil edilməsini təmin ediblər.


Əli Əliyev qabaqcadan razılaşmaqla əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət kimi təkrarən istəyib və alıb.


Bundan başqa, Əli Əliyev qeyd olunan vəzifədə işləyərkən Səlimə Mirzəyevanın vasitəsilə özü üçün, dolayı yolla vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlərə görə təkrarən Aidə Əbdülrəhmanovadan 2-ci qrup əlil olduğu halda adını Tibbi Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə göndəriləcək göndərişdə onkoloji xəstəliyinin mərhələsinin 1-ci qrup əlilliyin təyin olunmasına əsas verə biləcək şəkildə qeyd edilməsi üçün 2017-ci ilin sentyabr ayında 50 manat pulu rüşvət kimi istəyib.


Lakin ala bilməyib. Əli Əliyev təkrarən Aynurə Hüseynovanı onkoloji xəstəliyin 1-ci mərhələsində olduğu halda adını Tibbi Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə göndəriləcək göndərişdə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni xəstəliyin 4-cü mərhələsi kimi qeyd edilməsi üçün onun qaynatası Balarza Hüseynovdan 2017-ci ilin sentyabr ayında 140 manat pulu qabaqcadan əlbir olduğu Səlimə Mirzəyevanın vasitəsilə Lənkəran rayonu, Şıxəli Qurbanov küçəsi 1-də yerləşən Lənkəran Rayonlararası Onkoloji xəstəxanasında xidməti otağında rüşvət kimi alıb.


Həmin şəxslərə daha ciddi əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyasının üzvlərinin adına olan elektron imzalar vasitəsilə Səlimə Mirzəyeva tərəfindən daxil edilməsini təmin edib.


Daha sonra dəstə üzvləri 76 nəfərə əlilik, əmək pensiyası, sosial müavinət və prezident təqaüdün ödənilməsinə şərait yaradıb, rüşvət alıblar. Onların vasitəsi ilə dövlət büdcəsindən əsassız olaraq 76 nəfərə ümumilikdə 61118,69 manat vəsait ayrılıb.


İstintaq orqanı tərəfindən Əli Əliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Digər təqsirləndirilən şəxslər – Səlimə Mirzəyeva, Hüsaməddin Alicanov, Fərid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 32.5,308.2-ci (içtirakçılıq; vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 32.5,311.3.1-ci (iştirakçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 32.5,311.3.2-ci (iştirakçılıq; təkrar rüşvət alma) və 32.5,313-cü (iştirakçılıq; vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.


İsrafil Tağıyevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 32.5,308.2-ci (içtirakçılıq; vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 32.5,311.3.1-ci (iştirakçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 32.5,311.3.2-ci (iştirakçılıq; təkrar rüşvət alma), 32.4,312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 32.5,313-cü (iştirakçılıq; vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Sonuncu təqsirləndirilən şəxs Musa Əliyev 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il, Səlimə Mirzəyeva 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 3 ay, Hüsaməddin Alicanov 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay, Fərid Məmmədov 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay, İsrafil Tağıyev 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il, Musa Əliyev 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Hökmdən narazı qalan Səlimə Mirzəyeva apelyasiya şikayəti verib və barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Musa Əliyev də apelyasiya şikayəti verərək, barəsində cərimə cəzasının təyin olunmasını xahiş edib.


Fərid Məmmədov ittiham oluduğu Cinayət Məcəlləsinin 32.5,308.2, 32.5, 311.3.1, 32.5, 311.3.2 və 32.5, 313-cü maddələrindən həmin məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsüf edilməklə şəxsiyyəti və ailə vəziyyəti, ziyanın ödənilməsi, eləcə də digər yüngülləşdirici hallar nəzərə alınaraq onun barəsində cərimə növündə cəza təyin edilməsini xahiş edib.


Əli Əliyev isə ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hüsaməddin Alicanov da barəsində bəraət hökmümün çıxarılmasını istəyib.


Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.


7News.Az

RƏYLƏR