Azərbaycanda məhkəmə hərbçiyə bəraət verdi

OXUNUB: 442 SOSİAL
Bakı Hərbi Məhkəməsində piyadanın ölümündə təqsirləndirilən hərbçi Sahib Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.

O qeyd edib ki, hakim Rafiq abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Dadaşova qarşı irəli sürülən ittiham sübuta yetirilmədiyindən ona bəraət verilib.

Xatırladaq ki, 2019-cu ilin oktyabrın 13-də, saat 21 radələrində Sumqayıt şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada, 1972-ci il təvəllüdlü Hüseynov Kamil Niftalı oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "Mitsubishi Pajero” markalı 90 BS 953 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Dadaşov Sahib Nizam oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən, o, oktyabrın 14-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

RƏYLƏR