Azərbaycanda övladlığa uşaq götürmə proseduru dəyişir

OXUNUB: 1780 Önəmli SOSİAL
"Azərbaycanda övladlığa götürmə ilə bağlı aktiv işlər aparılır. Bununla əlaqədar qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər Milli Məclisə təqdim olunub. Yaxın günlərdə bu dəyişikliklərin qəbul edilməsi gözlənilir". Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, noyabrın 1-dən etibarən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron Alt sistem istifadəyə veriləcək: "Bu hazırlıq işləri bitdikdən sonra övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək. Bu zaman övladlığa götürmənin administrativ prosedurları tam şəkildə yenidən qurulur və beynəlxalq təcrübəyə uyğunlaşdırılır".
S. Babayev bildirib ki, əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailə seçilməsidir: "Həmin ailənin həqiqətən həm sosial, həm mədəni, həm də maddi cəhətdən bu övladı yetişdirmək, onu böyütmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".
Nazir bildirib ki, övladlığa verilmə prosesinin özü də dəyişir: "Çox qısa bir müddətdə qiymətləndirmə aparılmayacaq, bu prosedur 6 aya qədər çəkəcək. Bu prosedur ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkil olunması, ekspertlər əsasında onların ünsiyyətinə nəzarət edilməsi, qısa müddətlik ailəyə verilməsi və sonradan daimi şəkildə ailəyə verilməsindən ibarətdir. Ümumilikdə çox geniş prosedurdur, amma burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır ki, ona hər hansı çətinlik olmasın" .

RƏYLƏR