Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları AÇIQLANACAQ

OXUNUB: 871 İQTİSADİYYAT DÜNYA
Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq (33,75 milyon manat) "çirkli pul" gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.

İqtisadi.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə adıçəkilən ölkənin "The Evening Standard" nəşri məlumat verib. 

Məhkəmə sədri Vanessa Bareytser may ayının 27-də bununla bağlı hökm çıxarıb. Hökmdə, cütlüyün kimliyinin gizli saxlanmasının "açıq ədalət" prinsipi ilə ziddiyyət təşkil etdiyi bildirilir. Qeyd olunur ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.

Hakim indiyədək X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanması üçün yeddi gün vaxt qoyub. Qarşı tərəf bu müddət ərzində qərara yenidən baxılması üçün vəsatət qaldıra bilər.

Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Onlar, cütlüyün adlarının açıqlanmasının başqa məhkəmə proseslərinin gedişatına da təsir edə biləcəyini deyiblər.

Nəşr bildirib ki, sözügedən ər və arvadın adlarının açıqlanması üçün iddianı elə mətbuat orqanının özü qaldırıb. İşin üstünü açan Britaniya Milli Cinayət Agentliyi (NCA) də, nəşrin bu tələbini dəstəkləyib.

Qeyd edək ki, Milli Cinayət Agentliyi sözügedən cütlüyü qeyri-qanuni üsullardan istifadə etməklə "çirkli pul”ları yumaqda ittiham edir.

NCA iddia edir ki, sözü gedən vəsait Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı bank hesablarına köçürülüb.

RƏYLƏR