“Azərsu” ASC -dən Prezidentə seçkiqabağı xəyanət: MİNGƏÇEVİRDƏ SAHİBKARLAR DALANA DİRƏNİR

OXUNUB: 3355 Özəl Seçilmiş Önəmli

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qeyri-neft sektorunun inkişafı kontekstində turizmin prioritet istiqamət olduğunu qeyd ediblər.

Bununla yanaşı, ölkəmizdə turizm sahəsində ciddi problemlər hələ də qalmaqdadır.

Bu problemlər özünü daha çox bəzi qurumların bu prosesə bürokratik əngəllər yaratmasında göstərir. Mingəçevir şəhəri turizm imkanlarına görə regionlar arasında xüsusi çəkiyə malikdir. Bu mənada burada yaradılan və yaradılacaq bütün turizm layihələri birmənalı şəkildə dəstəklənməlidir. Redaksiyamıza daxil olan məlumat isə bu baxımdan çox önəmlidir.

Belə ki, Mingəçevir şəhərinin ilk Avropa Standartlı oteli olan "Rive Side” "Azərsu” ASC-nin qəzəbinə tuş gəlib.Məlumatda qeyd olunur ki, hər il bu idarənin əməkdaşları otellərin bayramlarda digər günlərə nisbətən daha çox gəlir əldə etməsini xüsusi "diqqətdə saxlayırlar”. Bayram bitən kimi dərhal idarənin əməkdaşları külli miqdarda əsassız cərimə yazacaqları ilə hədələyərək sahibkarlara qarşı qanunsuz əməllər törədirlər, əsassız rüşvət tələbləri irəli sürürlər.

Məlumat üçün qeyd edək ki, bu otelin açılışını Prezident İlham Əliyev şəxsən özü edib. Və son 5 ildə İlham Əliyev sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq, yeni iş yerləri açmaq və ölkə iqtisadiyyatına tövhə vermək üçün aidiyyatı qurumlar qarşısında ciddi tapşırıqlar qoyub. Görünən odur ki, bəzi qurumlar bu tapşırıqları gözardına vuraraq öz bildiklərini etməkdə israrlıdırlar.

Hər dəfə olduğu kimi bu seçkilərdə də "Rive Side” otelinin rəhbərliyi və kollektivi birmənalı şəkildə İlham Əliyevi dəstəkləyir və təbliğat işlərinə öz tövhələrinə verməkdədirlər. Belə bir həssas məqamda "Azərsu” ASC-nin sahibkarların üzərinə "səlib yürüşü”nə keçməsi anlaşılan deyil. Görünən odur ki, "Azərsu” ASC-nin bəzi qurumlarının rəhbərləri açıq şəkildə Prezidentə qarşı təxribat törətmək məqsədi ilə sahibkarları dalana dirəyiblər.

Mövzunu diqqətdə saxlayacağıq.

İCMAL.az

RƏYLƏR