Azərbaycanda sahibkarlığın inkişafı üçün dövlət tərəfindən yaradılan əlverişli şərait, iqtisadi islahatlar və azad rəqabət mühiti ölkənin iqtisadi sisteminin müasirləşdirilməsi baxımından müsbət addımlar kimi dəyərləndirilə bilər. Lakin bu şəraitdən bəzi kommersiya subyektlərinin məsuliyyətsiz və qeyri-etik formada faydalanması cəmiyyətdə haqlı narahatlıqlara səbəb olur.
Ölkənin aparıcı qida istehsalçılarından biri olan və iri biznes strukturuna malik "Azərsun Holdinq”in fəaliyyəti tənqidi baxımdan diqqət mərkəzinə çəkilməlidir. Cəmiyyətin etimadını qazanmış, bazarda dominant mövqe tutan belə bir şirkətin qeyri-şəffaf və mübahisəli biznes tərəfdaşları ilə əməkdaşlıq etməsi ciddi suallar doğurur. Məlumatlara əsasən "Azərsun Holdinq” bir sıra mənfi reputasiyaya malik şirkətlərlə əməkdaşlıq edir, bu müəssisələrin fəaliyyəti bəzən dələduzluq halları və qeyri-qanuni kommersiya əməliyyatları ilə müşayiət olunur.
Bu hal təkcə iqtisadi baxımdan deyil, həm də etik və sosial məsuliyyət nöqteyi-nəzərindən narahatlıq doğurur. İctimaiyyət, xüsusilə də istehlakçılar bu cür böyük şirkətlərin nümunəvi davranış sərgiləməsini və əməkdaşlıq etdikləri tərəfdaşlara qarşı daha məsuliyyətli və selektiv yanaşma sərgiləməsini gözləyir. Çünki iri biznes subyektləri təkcə iqtisadi güc mərkəzləri deyil, eyni zamanda ictimai etimadın da daşıyıcılarıdır.
Əgər ölkədə fəaliyyət göstərən nəhəng korporasiyalar məsuliyyəte prinsipini kənara qoyaraq qısa müddətli iqtisadi maraqları naminə mənfi imicə malik qurumlarla əməkdaşlıq edirlərsə bu, bütövlükdə ölkənin biznes mühitinə və sosial etimada zərbə vura bilər. Belə vəziyyət rəqabət mühitinin pozulmasına, dürüst sahibkarların bazardan sıxışdırılmasına və vətəndaşların hüquqlarının pozulmasına səbəb ola bilər.