Bakıda tanışını öldürən keçmiş məhkumun məhkəməsi başlayıb

OXUNUB: 855 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Vüqar Həsənovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

İcmal.Az-ın məlumatına görə, ötən il oktyabrın 15-də Xətai rayonundan 3 saylı kliniki xəstəxanaya deşilmiş-kəsilmiş xəsarətlərlə Vüqar Həsənov və Elşən Məmmədov daxil olublar.

Hər ikisi cərrahi əməliyyata götürülsə də, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmaya başlayan Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları aydınlaşdırıblar ki, hadisə Köhnə Günəşli qəsəbəsində, General Mehmandarov küçəsi, 20 ünvanında baş verib. Həyatı xilas edilən V.Həsənovun müalicəsi xəstəxanada polis nəzarəti ilə davam etdirilib və o, sağalandan sonra təcridxanaya köçürülüb. 

İstintaqın gedişində məlum olub ki, bir-birini bıçaqlayan əvvəllər məhkum olunan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar. Həmin axşam binanın qarşısında başlayan mübahisə, daha sonra onların bıçaq götürərək bir-birinə hücum etməsi ilə nəticələnib. 

İş üzrə dindirilmiş Vüqar Həsənov bildirib ki, Elşən Məmmədov onu ağır ifadələrlə təhqir edib. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili bildirib ki, o, Həsənovla təzəliklə müqavilə bağlayıb və cinayət işi ilə tanış ola bilməyib. Buna görə məhkəmədən vaxt istəyib. 

İcmal.Az

RƏYLƏR