Bakıda tarixi abidə satışa çıxarılıb - VİDEO

OXUNUB: 497 GÜNDƏM HADİSƏ
Abşeronda tarixi abidə - hamam satışa çıxarılıb.

Bu barədə "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu feysbuk hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, hamamın yerləşdiyi böyük bir ərazi hündür hasarla bağlanıb və üstünə "satılır” yazılıb:



"Fatmayı bağlarından Mərdəkan istiqamətinə gedən çevrə yolundan solda qədim hamam görünür. İki günbəzli hamamın bir günbəzi tam dağılıb, digəri isə hələ də dözür.

Uzaqdan baxanda adama elə gəlir ki, hamam təpədədir, amma yaxına gələndə görürsən, yan-yörəsinin torpağı (inşaatda istifadə olunan qumu) qazılaraq satılıb və hamam sanki havadan asılı qalıb. Ətrafı köstəbək yuvalarına dönüb, ekskavatorun çalov izləri hələ də durur.

Hamamın üzərində heç bir yazı yoxdur, mədəniyyət abidəsi olduğu da bilinmir. Bəlkə, bu ona görədir ki, o ərazi artıq şəxsi mülkdür?



Hamamın yerləşdiyi bir neçə hektarlıq ərazi hündür hasarla bağlanıb. Hasarın üstünə "satılır" yazılıb. Demək, kimsə daha əvvəllər şəxsiləşdirib, indi də satışa çıxarıb”.

Ş.Xuduoğlu qeyd edib ki, qanunla mədəniyyət abidələri, tarixi abidələr alınıb-satıla bilməz:

"Bəs bu abidə necə satışa çıxarılıb? Fatmayıda bu hamamın əkizi üzərində yeni bərpa işləri başlanıb, o da illərlə sahibsiz itlərin ixtiyarında idi. İstərdim, Mədəniyyət Nazirliyi diqqətini bu hamam üzərinə də yönəltsin.
Hamamın qeyri-adi gözəlliyi var: həm arxitekturasına, həm hörgüsünə, həm də daş düzümünə görə. Bənna öz işini mükəmməl görüb. Hələ çökməyən günbəzlərdən biri buna sübutdur. Günbəzlər dəmir-beton konstruksiyaları istifadə olunmadan tikilib - gördüyüm qədəri ilə, daş və gillə”./Bakupost.az

RƏYLƏR