“Bizə dedi ki, atanız xəstəxananı bir aydır “zanit” edib...”

OXUNUB: 585 GÜNDƏM HADİSƏ

Jurnalist Raminə Eyvazqızı koronavirusdan vəfat edən atası Eyvaz Nəzərovun ölümündə müalicə aldığı Neftçilər Xəstəxanasının rəhbərliyini ittiham edir. 

O, "Qafqazinfo”ya açıqlamasında iddia edib ki, 6 aprel-5 may aralığında həmin xəstəxananın reanimasiya şöbəsində müalicə alan atası səhlənkarlıq və məsuliyyətsizliyin qurbanı olub: "Neftçilər xəstəxanasının direktoru Musa Abbasov və onun komandası - ancaq tibbi protokol üzrə hərəkət edənlər üçün xəstənin canı cəhənnəmlikdir. Xəstəyə fərdi yanaşmayanlar COVID-19 adı ilə xəstəxanaya gedən atamı qanaxmadan qurtara bilmədilər. Atam COVID-i aşmışdı, boğularaq canını tapşırsaydı, gec xəstəxanaya çatdırılsaydı, yan xəstəlikləri olsaydı anlamaq olardı. Amma müsbət dinamika ilə yaxşılaşan insan baxımsızlıqdan, səhlənkar münasibətdən vaxtında izolyasiya olunmadı, xəstəxanadaxili infeksiyalara yoluxdu və bu üzdən yüksək dozalı antibiotiklərin qurbanı oldu, qaraciyər və böyrəyi sıradan çıxdı”.

Jurnalist həmçinin bildirib ki, xəstəxananın direktoru ailəyə "atanız bir aydır buranı "zanit” edib, bəlkə iki ay qalacaq, xəstənizi köçürün" deyib. R. Eyvazqızı iddia edir ki, atasının gec ayılmasının səbəblərindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması olub: "22-ci gündə də intubasiyada olan atam ayılanda ixtisasca həkim olan bacım ona bir neçə gün psixoloji dəstək vermək istəyirdi, xəstənin reabilitasiyası başlamalı idi. Bacımın dəstəyi ilə atamın müayinə və vəziyyəti həkimlərin də çoxunun dediyi kimi müsbətə doğru gedirdi. Hətta öz istəyimizlə həkim fizioterapevt də massaja başlamışdı. Amma olmadı, çünki xəstəxana direktoru jurnalist olduğumdan xəbər tutdu və bacımı qovdu. "Xəstəniz COVİD deyil artıq, bəlkə 2 ay burda qalacaq, "zanit” edir buranı, köçürün xəstənizi " dedi... O xəstəxanada saysız nöqsanı olduğunu qəşəng bilirdi. Reanimasiyada xəstələrə ancaq növbəli reanimatoloqlar baxırdı. Kompleks müalicə və başqa profilli həkim yox idi. Özümüz bir neçə həkim gətirdik. 

Təsəvvür edin, atamın gec ayılmağının səbəbindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması idi. Bizim təkidimizlə multivitamin vuruldu. Xəstəmizdən bezən Samirə həkimin davranışları, bacımın sualları atamın sonunu gətirdi. Atamdan qurtulmaq istəyirdilər! Bu müddətdə TƏBİB-ə sorğu göndərirdi ki, axı atam COVID-19 deyil, niyə sağalmır? TƏBİB Musa Abbasova bu sualı verdi, amma.. Bundan sonra bacım oradan qovuldu. Necə oldusa, yaxşılaşan atam bacım xəstəxananı tərk edəndən sonra pisləşdi…” 

Səslənən ittihamlarla bağlı Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Nəzərov Eyvaz İmamverdi oğlu 6 aprel 2021-ci il tarixində Kliniki Tibbi Mərkəzdən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun sözlərinə görə, xəstəxanaya daxil olarkən xəstənin ümumi vəziyyəti ağır olub:

"Onda tənəffüs çatışmazlığı, sepsis müşahidə edilib. SaO2 oksigen insuflyasiyası fonunda 76-79% olub. Xəstənin tənəffüsü hi-flow O2 cihazı ilə tənzimlənib. Bir neçə saat ərzində xəstə intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. 22 aprel 2021-ci il tarixində xəstəyə traxeostomiya əməliyyatı edilib. 4 may 2021-ci ildə xəstədə kəskin böyrək çatışmazlığı səbəbindən ilkin hemodializ seansı aparılıb. Poliorqan çatışmazlığının yaratdığı trombositopeniya, hipokoaqulasiya, anemiya səbəbindən dəfələrlə transfuziya olunub. Xəstəyə kardioloq, infeksionist, hemotoloq, nefroloq konsultasiyasi aparılıb. Çox təəssüf ki, xəstə 5 mayda sepsis, poliorqan çatışmazlığı, DDLS diaqnozundan həyatını itirib. Bir məsələni də qeyd edək ki, xəstə koronavirusdan sağaldıqdan sonra yaxınlarına tövsiyə olunub ki, müalicəsi koronavirus xəstələrinin olmadığı xəstəxanaların birində aparılsın. Amma yaxınları bununla razılaşmayıb, təkidlə Mərkəzi Neftçilər Xəstəxanasında qalmasını istəyiblər”.

Xəstəxanadan həmçinin bildirilib ki, Eyvaz Nəzərovun qızı Lalə Eyvazqızı həkim olub və o, xəstəxanaya gətirilməzdən öncə evdə qızı tərəfindən müalicə edilib. Xəstəxanaya daxil olduqdan sonra isə qızı Lalə Eyvazqızı həkim olduğu üçün reanimasiyada yanında olmasına istisna hal kimi icazə verilib: "Əslində reanimasiyaya xəstə yaxınlarının daxil olmasına birmənalı şəkildə icazə verilmir. Lakin Eyvaz Nəzərovun qızı Lalə həkimin COVID-19 xəstələri ilə işləyən həkim olduğu nəzərə alınaraq atasını son üç gün istisna olmaqla, hər gün ziyarət etməyə icazə verilib. Lakin, o, icazə olmadığı halda mobil telefonla çəkiliş etdiyinə və digər xəstələrin hüquqlarını pozduğuna görə reanimasiyadan çıxarılıb və içəri daxil olmasına icazə verilməyib”.




RƏYLƏR