BİZİ YURDUMUZA QAYTARIN! Şüarı adlı konfrans- sərgi keçirildi

OXUNUB: 1065 QHT
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının, Azərbaycan İstiqlal Muzeyinin, Muzey Mərkəzinin təşkilatçılığı ilə 27 noyabr 2018-ci il tarixdə Muzey Mərkəzində BİZİ YURDUMUZA QAYTARIN! Şüarı adı altında işğal olunmuş rayonların Tarix Diyarşünaslıq və digər muzeyləri vasitəsi ilə zəbt olunmuş torpaqlarımızla bağlı çağırışların edilməsi layihəsi çərçivəsində konfrans- sərginin açılışı mərasimi keçirildi.

Sərgi-konfransda dövlət və qeyri- hökumət təşkilatlarının, ziyalıların KİV-lərin, işğal olunmuş rayonların mədəniyyət müəssisələrinin nümayəndələri, ali məktəblərin tələbələri və s. iştirak edirdilər. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edildi. 
Tədbiri giriş sözü ilə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına işğal olunmuş rayonların məcburi köçkünlük taleyi yaşayan muzeylərinin ilk dəfə olaraq birlikdə keçirdikləri bu tədbirə göstərdikləri maddi və mənəvi dəstəyə görə öz təşəkkürünü bildirdi.Vüqar Qədirov sərgi-konfrans haqqında məlumat verib. Bildirib ki, erməni işğalı nəticəsində xeyli sayda muzey eksponatlarımız düşmən tərəfindən talan edilib, dağıdılıb. Həmin eksponatların kiçik bir qismini düşməndən xilas etmək mümkün olub. Bu muzey əşyalarının burada nümayiş olunmasında məqsəd insanlarımızın problemlərini onlara biganə yanaşan beynəlxalq təşkilatlara cansız əşyaların dili ilə çatdırmaqdır. 
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ermənistanın işğalı nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyan haqqında danışıb. Qeyd edib ki, belə bir sərgi ilk dəfədir nümayiş olunur. İşğala məruz qalmış rayonlarımızın muzeylərinin bir çoxu çətin şəraitə baxmayaraq, Bakıda və ölkəmizin müxtəlif rayonlarında öz fəaliyyətlərini davam etdirir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 11 dünya, 223 ölkə, 453 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 100 mindən çox eksponatın saxlanıldığı 22 muzey, 927 kitabxana, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi və digər mədəniyyət obyektləri işğal altında qalıb. 
Nazir müavini vurğulayıb ki, erməni vandalizminin acı nəticələri ilə təkcə vətəndaşlarımız deyil, eyni zamanda, tarixi, mədəniyyət abidələrimiz də üz-üzə qalıb. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün və Natəvanın büstləri də vəhşicəsinə dağıdılıb. İndi həmin büstlər güllələnmiş heykəllər adı ilə Milli İncəsənət Muzeyində saxlanılır. 
Vurğulanıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz inamını itirməyib. Biz inanırıq ki, yaxın vaxtlarda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. 
Sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Laçın rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Türkanə Nuruyeva və başqaları sərginin əhəmiyyətindən danışıblar. Onlar Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, bu təcavüzə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar. 
Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar. Sərgidə Kəlbəcər, Xocalı, Ağdam, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa Tarix-Diyarşünaslıq muzeylərinin fondlarına məxsus eksponatlar nümayiş olunub. 
Konfrans sərgi 28 noyabr tarixində Muzey Mərkəzində öz işini davam etdirib. 
Keçirilən konfransda Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan muzeylərin əməkdaşları, işğal olunmuş rayonların Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrnin şagirdləri və s. iştirak edirdilər. Konfransda işğal olunmuş rayonların Tarix Diyarşünaslıq Muzeylərinin müdirləri iştirakçılara muzeylərin işğaldan əvvəlki və sonrakı vəziyyəti barədə məlumat veriblər. 
Konfransda çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində 2016-cı ilin 2-5 aprel savaşlarında Silahlı Qüvvələrimizin əks hücumla Ermənistan ordusunu darmadağın edərək Lələtəpə yüksəkliyini və işğal altında olan böyük bir ərazini işğaldan azad etdiyini bildirdi. Bütün qaçqın və məcburi köçkün əhali ilə bərabər məcburi köçkünlük taleyi yaşayan muzeylərimizin də tezliklə işğaldan azad edəcəyimiz torpaqlarda yeni inşa olunan muzeylərdə öz eksponatlarını qəbul edəcəyinin uzaqda olmadığını bildirdi. 
Qeyd edək ki, Sərgi noyabr ayının 29-a qədər davam etdiriləcək.
 
 
İcmal.Az

RƏYLƏR